ELM VƏ TƏHSİL
BDU-nun fizika fakültəsinin uğurları
Bakı, 4 avqust, İbrahim Əsədov, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) fizika fakültəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün səmərəli tədbirlər reallaşdırılır.
Bu barədə fakültənin dekanı, professor Məhəmmədəli Ramazanov AZƏRTAC-a müsahibəsində məlumat verib.
Dekan bildirib ki, fakültədə doqquz kafedra fəaliyyət göstərir. Hazırda bakalavriat pilləsində fizika müəllimliyi və fizik ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Magistratura pilləsində isə 17 ixtisaslaşma üzrə mütəxəssis hazırlanır. Təhsilin bu pilləsində radiasiya materialşünaslığı, nüvə fizikası və texnologiyası, yüksək enerjilər fizikası ixtisaslaşmaları üzrə kadr hazırlığına da başlanılıb. Bu sahədə mütəxəssis hazırlığı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti ilə birgə reallaşdırılır. Eyni zamanda, yaxın vaxtlarda astrofizika kafedrasının bazasında daha yeni bir ixtisasın - kosmologiya ixtisasının açılması nəzərdə tutulub. BDU-da astrofizika kafedrasının bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında kafedranın filialının açılması gözlənilir. Bütün bunlar təhsilin və elmin inkişafına töhfələr verəcək.
M.Ramazanov deyib ki, elmi-tədqiqat sahəsində də ürəkaçan uğurlarımız olub. Ötən il fakültə alimləri “Tomson Reuter”, “Scopus” tərəfindən indekslənən impakt faktorlu jurnallarda 74 məqalə çap etdiriblər. Məqalələrdən 6-sı “A” kateqoriyalı, 8-i “B” kateqoriyalı, 20-si “C” kateqoriyalı jurnallarda, 40-ı isə digər jurnallarda dərc edilib.