SİYASƏT
BERLİNDƏ ETİRAZ AKSİYASI KEÇİRİLMİŞDİR
Bakı, 6 aprel (AZƏRTAC). Almaniyada fəaliyyət göstərən “Azərbaycan evi” cəmiyyəti, Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və “Ocaq” Mədəniyyət Cəmiyyətinin təşəbbüsü və ölkəmizin bu ölkədəki səfirliyinin dəstəyi ilə 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Ermənistanın Almaniyadakı səfirliyi qarşısında piket keçirilmişdir. Etiraz aksiyasında adı çəkilən təşkilatların fəalları, Almaniyanın müxtəlif şəhərlərindən gəlmiş soydaşlarımız və vaxtilə Azərbaycanda yaşamış, indi Berlində məskunlaşan yəhudi icmasının üzvləri iştirak etmişlər.
Bir saat davam edən aksiyada piketçilər Azərbaycan bayraqlarını, müvafiq transparantları əldə tutaraq, səsgücləndiricilər vasitəsilə Azərbaycanın dövlət himnini oxumuş, Qarabağa aid şüarlar səsləndirmiş və “Çırpınırdı Qara dəniz” mahnısını ifa etmişlər. Daha sonra piketçilər 1918-ci ilin mart-aprel aylarında ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı haqqında hazırlanmış müraciəti meqafon vasitəsilə səsləndirmişlər. Müraciət Ermənistanın səfirliyinə təqdim edilmişdir.
Tədbirin davamı olaraq, AAKM-in ofisində anma mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov aksiyanın təşkilinə verdikləri dəstəyə və fəal iştiraklarına görə diaspor nümayəndələrinə minnətdarlığını bildirmiş, gələcəkdə keçiriləcək belə tədbirlərdə azərbaycanlıların daha fəal olmasını tövsiyə etmişdir. Səfir 1918-ci ilin mart-aprel aylarında Azərbaycanda ermənilər tərəfindən törədilmiş soyqırımı haqqında məlumat vermiş, 31 mart tarixinin 1998-ci ildən bəri Azərbaycanda soyqırımı günü kimi tanınmasında, tarixi araşdırmaların aparılmasında və bu tarixin dünyanın bir çox ölkələrində Azərbaycan icması tərəfindən qeyd olunmasında ümummilli lider Heydər Əliyevin rolu barədə danışmışdır. O, ermənilərin əsrlərdən bəri Azərbaycana qarşı apardığı soyqırımı siyasətinin nəticəsi olaraq, azərbaycanlıların öz doğma torpaqlarından çıxarılması kimi faktların Avropa, o cümlədən alman ictimaiyyətinə çatdırılmasının zəruriliyini bildirmişdir. Səfir Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan dövlətinin mövqeyini açıqlamış, Ermənistanla aparılan danışıqlar barədə məlumat vermiş, həmçinin ölkəmizdə həyata keçirilən iqtisadi layihələrdən söhbət açmışdır.
######