İDMAN
BERLİNİN OLİMPİYA STADİONUNUN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ KEÇİRİLMİŞDİR
Mərasimdə Almaniya Prezidenti Horst Köler, federal kansler Gerhard Şröder, FİFA-nın rəhbərliyi və dünyanın 60 ölkəsindən dəvət olunmuş dövlət və hökumət rəsmiləri iştirak etmişlər.
Berlin olimpiya stadionunun acınacaqlı tarixi var. 1936-cı ildə Olimpiya Oyunları keçirilmiş bu idman kompleksinin meydanlarında sonrakı illərdə faşistlər əsl vəhşiliklər törədərək, idman kompleksini edam düşərgəsinə çevirmişdilər.
2000-ci ildən başlayaraq stadionda yenidənqurma və bərpa işləri aparan memar və inşaatçılar idman kompleksinin keçmiş görkəmini dəyişməməklə onun daxili divarlarında və yarış meydançalarında faşizm dövründən qalan izləri keçmiş tarixin yaddaşı kimi saxlamağa nail olmuşlar.
75 min tamaşaçı tutan futbol meydanı üzərində 70 metr hündürlükdə quraşdırılmış şüşə örtük stadiona müasirlik, şəhərə isə xüsusi gözəllik gətirmişdir. Olimpiya stadionunun dünya standartları səviyyəsinə çatdırılması üçün 242 milyon avro xərclənmişdir.
Açılış mərasimində 2006-cı ildə Almaniyada keçiriləcək futbol üzrə dünya çempionatının final oyununun Berlinin olimpiya stadionunda olacağı elan edilmişdir.