SİYASƏT


BERLİN KONFRANSINDA NARKOTRAFİKƏ QARŞI MÜBARİZƏ HAQQINDA RAZILAŞMA İMZALANMIŞDIR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Əfqanıstanın dirçəlişinə dair Berlində keçirilən konfransda iştirak edən 56 dövlətin nümayəndələri Əfqanıstan ərazisində narkotik xassəli bitkilərin becərilməsi və narkotik vasitələrin qonşu dövlətlərin nəzarətsiz sərhədlərindən digər dünya ölkələrinə nəql edilməsindən narahat olduqlarını bildirmişlər.

Bu narahatlıq heç də əbəs deyildir. BMT nümayəndəsinin konfransda verdiyi məlumata görə, Əfqanıstan narkotik xassəli bitkilərin becərilməsi, istehlakı və qanunsuz dövriyyəsi sahəsində dünyanın ən “qabaqcıl” ölkəsidir.

Konfrans iştirakçıları Əfqanıstanda narkotrafikə qarşı təcili mübarizə proqramı hazırlanmasını tələb etmişlər. Tədbirin sonuncu günü, aprelin 1-də Əfqanıstanla həmsərhəd dövlətlərin – Çin, İran, Pakistan, Türkmənistan, Tacikistan və Özbəkistanın hökumət nümayəndələri və Əfqanıstanın xarici işlər naziri Abdulla Abdulla arasında narkotrafikin qarşısının alınması sahəsində kollektiv əməkdaşlığa dair razılaşma imzalanmışdır. Razılaşmanın tələblərinə uyğun olaraq, Əfqanıstan qonşu həmsərhəd dövlətlərin “təhlükəsizlik kəmərinə” alınmalı, həmin dövlətlərin sərhəd mühafizə qüvvələri bu ölkə ilə sərhədləri ciddi nəzarət altında saxlamalıdır. Razılaşmanı imzalayan dövlətlərin polis, təhlükəsizlik və kəşfiyyat orqanları arasında məlumat mübadiləsi genişləndirilməli, həmsərhəd dövlətlər Əfqanıstanla birgə kriminal məlumat sisteminin yeniləşdirilməsi sahəsində, hüquq mühafizə orqanları arasında kollektiv təlimlərə dair proqramlar həyata keçirməyə başlamalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.