İDMAN
BEYNƏLXALQ ŞAHMAT TURNİRİ FİNİŞƏ YAXINLAŞIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, oktyabrın 20-də Şəki Olimpiya İdman Kompleksində qadınlar arasında Beynəlxalq şahmat turnirində 6-cı turun oyunları olmuşdur. Turun mərkəzi görüşü yarışların lideri, rus şahmatçısı Yekaterina Kovalevskaya ilə Gürcüstan təmsilçisi Nona Qaprindaşvili arasında keçirilmişdir. Ağ fiqurlarla oynayan rus şahmatçısı görüşü öz xeyrinə başa çatdıraraq, liderliyini daha da möhkəmləndirmişdir. Bu turda şahmatçılarımızdan Nərgiz Umudova rus idmançısı İrina Vasileviçə qalib gəlmiş, Elmira Əliyeva isə gürcü şahmatçısı Lela Cavakişviliyə uduzmuşdur. Rumın Mariya Boqza ilə Sloveniya şahmatçısı Anna Miziçuk və Ukrayna idmançısı Natalya Jukova ilə yunan Marina Makropoulou arasında keçirilən görüşlər heç-heçə başa çatmışdır.
Altı turdan sonra yarış cədvəlinə 5,5 xal toplayan Yekaterina Kovalevskaya başçılıq edir. Lela Cavakişvili 4,5 xalla 2-ci, həmyerlimiz Nərgiz Umudova isə 3,5 xalla 3-cü pillədə qərar tutmuşlar. Nona Qaprindaşvili və Anna Miziçuk 3 xalla 4-5-ci, İrina Vasileviç, Natalya Jukova və Mariya Boqza isə 2,5 xalla 6-8-ci yerləri bölüşdürürlər. Marina Makropoulou 2 xalla 9-cu, Azərbaycan şahmatçısı Elmira Əliyeva isə 1 xalla 10-cu pillədədirlər.
Oktyabrın 21-də turnirdə növbəti, 7-ci turun oyunları keçirilmişdir. Yarışlara oktyabrın 23-də yekun vurulacaqdır.