İQTİSADİYYAT
BEYNƏLXALQ VERGİLƏR VƏ İNVESTİSİYALAR MƏRKƏZİNİN AZƏRBAYCANA MARAĞI ARTIR
Beynəlxalq vergilər və investisiyalar mərkəzi (BVİM) cari ilin avqustunda respublikanın maliyyə və vergilər nazirlikləri əməkdaşlarının iştirakı ilə seminar keçirəcəkdir.
Bu barədə AZƏRTAC-ın müxbirinə BVİM-in Azərbaycandakı rəsmi nümayəndəsi Fatimə Q. Aslan xəbər verərək demişdir ki, seminarı keçirməkdən məqsəd Azərbaycanın gənc mütəxəssislərini vergi sahəsində dünya təcrübəsi ilə tanış etməkdir.
O bildirmişdir ki, BVİM-in fəaliyyətinin əsas istiqaməti postsovet dövlətlərində vergi qanunvericiliyinin inkişafına kömək göstərməkdir.Ötən il Bakıda 3 seminar keçirilmişdir, bu ilin sonunadək isə daha 6 seminar keçirmək nəzərdə tutulmuşdur. Belə tədbirlər Azərbaycan mütəxəssislərinin ixtisasını artırmağa kömək edir.
Xatırladaq ki, mərkəzi ofisi Vaşinqtonda yerləşən BVİM-in Ukraynada, Rusiyada, Qazaxıstanda da nümayəndəlikləri vardır.