ELM VƏ TƏHSİL
BİOLOJİ MÜXTƏLİFLİYƏ DAİR MİLLİ MƏRUZƏNİN İLKİN VARİANTI HAZIRLANMIŞDIR
Layihənin milli əlaqələndiricisi, MEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkbərov AzərTac-ın müxbirinə bildirmişdir ki, “Azərbaycan Respublikasının bioloji müxtəlifliyinə dair birinci milli məruzə”nin ilkin variantı hazırlanmışdır. Yeddi fəsildən ibarət məruzədə quşlara da geniş yer ayrılmışdır. Azərbaycan ornitofaunası çox zəngindir, ölkəmizdə 400-ə yaxın quş növü qeydə alınmışdır. Xüsusilə su-bataqlıq quşlarının növ tərkibi və ekoloji qrupları daha çoxdur. Qeyd edilməlidir ki, Avrasiyada quşların ən böyük miqrasiya yollarından biri Azərbaycan ərazisindən keçir. Azərbaycan ərazisindən keçməklə, Şərqi Avropa və Qərbi Sibirdən Şərqi Afrikaya, Cənub-Qərbi Asiyaya və əksinə milyonlarla quş uçur, dincəlmək və yem üçün dayanacaq kimi buradan istifadə edir. Ornitofaunamızda Qafqaz üçün endemik olan 3 növün biri - Qafqaz tetrası Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı siyahısına, digəri - Qafqaz uları isə Azərbaycanın Qırmızı kitabına daxildir.
Z. Əkbərov xatırlatmışdır ki, ölkəmizdəki quş növlərindən 21-i qlobal və ya milli səviyyədə təhlükədə olan növlərdir. Onlar əsasən, qeyri-qanuni ovdan, yaşayış yerlərinin məhdudlaşdırılmasından zərər çəkir. Bu quşların əksəriyyətinin sayının bərpası birinci növbədə insanların təbiətə münasibətinin dəyişdirilməsindən asılıdır. Hazırda Azərbaycanda 45 növ quş qorunma statusuna malikdir, onlardan 36 növ Azərbaycanın Qırmızı kitabına, 23 növ Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı siyahısına daxildir. Quşların, ilk növbədə, su-bataqlıq quşlarının qorunması üçün Qızılağac və Ağgöl qoruqları təşkil edilmişdir. Bu qoruqlarda 500 mindən çox quş yaşayır. Samux qoruq-ovçuluq təsərrüfatında, Gil və Şahdili yasaqlığında və digər yasaqlıqlarda da quşlar qorunur.