CƏMİYYƏT
BMT-nin Əhali Fondu Beynəlxalq Qız Övladları Günü münasibətilə videoçarx hazırlayıb
Bakı, 11 oktyabr, AZƏRTAC
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi Beynəlxalq Qız Övladları Günü münasibətilə selektiv abortlara qarşı yönəlmiş “404: Not Found” adlı videoçarx ərsəyə gətirib.
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, videoçarxda qızlara dünyaya gəlmək şansı verildiyi təqdirdə onların cəmiyyətə necə faydalı olacağı nümayiş etdirilir, selektiv abortların gender əsaslı ayrı-seçkilik nəticəsində qadınların cəmiyyətdə iştirakını məhdudlaşdıran stereotiplərdən qaynaqlanması vurğulanır.
Fond bu videoçarxı Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təbliği” üzrə Qlobal Proqram çərçivəsində ərsəyə gətirib.
Qeyd edək ki, oktyabrın 11-i dünyanın əksər ölkələrində Beynəlxalq Qız Övladları Günü kimi qeyd olunur. BMT-nin Baş Assambleyasının qərarı ilə 2012-ci ildən təsis olunan bu gün qızların hüquqlarının müdafiəsi, onlar üçün səhiyyə, təhsil və digər imkanların müyəssərliyinin, eyni zamanda, cəmiyyətdə gender bərabərliyinin təmin olunmasına diqqətin artırılması məqsədinə xidmət edir.
Təəssüf ki, Azərbaycanda qız övladına münasibət birmənalı deyil. Cəmiyyətdə hökm sürən bir sıra stereotiplər qızları ailədə arzuolunmaz edir. Doğulan uşaqlar arasında cins nisbətinin bioloji normaya əsasən 105-106 olmasına baxmayaraq, məhz bu münasibət nəticəsində ölkəmizdə bu rəqəm 114-ə bərabərdir. Eyni vəziyyətlə üzləşən ölkələrin təcrübəsinə nəzər salanda cəmiyyətimizi qarşıda çətin həll olunan problemlərin gözlədiyini demək olar.
Bunu nəzərə alaraq, BMT-nin Əhali Fondu uşağın cinsinə görə edilən abortların qarşısının alınması məqsədilə bir sıra layihələr həyata keçirir. Bu layihələrə ilk dəfə olaraq məhz gənc kişi və atalar cəlb olunub. Həmin layihələrin uğurlu icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də əsas tərəfdaşlar kimi yaxından iştirak edərək bu təşəbbüslərə dəstək verirlər.
Videoya keçid üçün bu linkə daxil ola bilərsiniz: https://www.youtube.com/watch?v=FZ17IsNw_go