CƏMİYYƏT


BMT-nin və nüfuzlu media qurumlarının Nyu-Yorkdakı binaları önündə azərbaycanlı şəhid jurnalistlər yad edilib

Bakı, 22 iyun, AZƏRTAC

Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvü, Azərbaycan Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnlinin təşkilatçılığı ilə mina partlayışında həlak olmuş azərbaycanlı jurnalistlərin yad edilməsi ilə əlaqədar Nyu-York şəhərində silsilə aksiyalar keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, BMT-nin mənzil qərargahı, “NBS Studios” və “Associated Press” kimi nüfuzlu media qurumlarının inzibati binaları qarşısında təşkil edilmiş sərgilərin məqsədi Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun, eləcə də yerli məmurun mina partlayışı nəticəsində həlak olmasına, Ermənistanın hərbi cinayətləri davam etdirməsinə və mina xəritələrini verməkdən imtinasına diqqəti cəlb etmək olub.

Sərgilərdə jurnalistlərin fotolarını və Ermənistanın mina cinayətlərini əks etdirən posterlər nümayiş etdirilib. Posterlərdə "Mina xəritələrini verin!", "Azərbaycanlı jurnalistlərə qarşı Ermənistanın müharibə cinayətləri", "Ermənistan qanunlara əməl etmir", "Ermənistan azərbaycanlı jurnalistlərin qatilidir!", "Bizi minalardan xilas edin!" kimi şüarlar nəzərə çatdırılıb.

Tədbir zamanı yerli sakinlərə rəsmi İrəvanın xalqımıza qarşı törətdiyi hərbi cinayətlər və təxribatlar barədə geniş məlumat verilib.

Ercan Yerdələnli bu aksiyalarla dünya ictimaiyyətini və beynəlxalq medianı Ermənistanın təxribatçı hərəkətlərinə və azərbaycanlı jurnalistlərin xidməti vəzifələrini yerinə yetirərkən həlak olmalarına biganə qalmamağa, Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.