İQTİSADİYYAT
BTC VAXTINDA BAŞA ÇATDIRILACAQDIR
AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra Bakı-Tbilisi–Ceyhan neft və Bakı–Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişinə şübhə ilə yanaşanların sayı xeyli artmışdır. Belə ki, Prezident Mixail Saakaşvilinin andiçmə mərasimindən dərhal sonra “Gürcüstanın yeni seçilmiş prezidenti üçün başlıcası neft və qızıl deyil, gənclərin təhsilidir” bəyanatını verməsi, “Milli hərəkat və demokratik cəbhə” blokunun parlament seçkiləri ərəfəsi iqtisadi proqramındakı “neft və qaz çəkilişi layihələri XX əsrdə qalmışdır, XXI əsrdə başlıca üstünlük yüksək texnologiyaların inkişafına verilmişdir” çağırışı müxtəlif cür yozumlara səbəb olmuşdur. Gürcüstan ekologiyasına, yaxud yaşayış evlərinə Bakı-Tbilisi-Ceyhan kəmərinin ziyan vuracağı bəhanəsi ilə bəzən etiraz aksiyaları da keçirilir. Məsələn, bu günlərdə Rustavi şəhərinin bir qrup sakini onların yaşadığı evlərin yaxınlığından keçən bu kəmərin çəkilişində təhlükəsizlik normalarına riayət olunmadığına görə etiraz aksiyası keçirmişdir. 100-dək ailənin üzvlərinin qoşulduğu aksiyanın iştirakçıları onların evlərinin təhlükəsizliyinə 40 il müddətinə təminat verən sənədin imzalanmasını, yaxud da neft kəməri marşrutunun dəyişdirilməsini tələb edirlər. Gürcüstan Beynəlxalq Neft Korporasiyasının nümayəndələri və Rustavinin meri aksiya iştirakçıları ilə görüşmüşlər. Onlar əhalinin mənafeləri və neft kəmərinin tikintisi ilə əlaqədar dövlətin öz üzərinə götürdüyü öhdəliklər nəzərə alınaraq, mübahisəli məsələnin tezliklə yoluna qoyulacağını bildirmişlər. İqtisadi ekspertlər də əmindirlər ki, bu layihə nəzərdə tutulduğu müddətdə həyata keçiriləcəkdir. M. Saakaşvilinin lider olduğu “Vahid Milli hərəkat”ın fəal üzvlərindən biri, Gürcüstan parlamenti büdcə ofisinin rəhbəri Roman Qosiridze də əmindir ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin guya ekoloji təhlükə yaradacağı ilə bağlı əhalinin etiraz aksiyaları, şikayətləri bu layihənin başa çatdırılmasına mane ola bilməyəcək, həmin layihə başa çatdıqdan sonra isə Bakı-Tbilisi–Ərzurum qaz kəmərinin çəkilişinə başlanacaqdır.