İQTİSADİYYAT
BTQ dəmir yolu xəttinin Türkiyə hissəsində işlər ilin sonunadək yekunlaşacaq
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Türkiyə tərəfində işlər bu ilin sonunadək yekunlaşacaq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Lütfi Əlvan bildirib.
Türkiyəli nazir deyib: “İngiltərədən Çinədək uzanan nəqliyyat xəttində iki mühüm çatışmazlıq vardı. Bunlardan biri Türkiyədə Mərmərə dənizini keçərkən bağlantının olmaması, ikincisi isə Bakı-Tbilisi-Qars xəttinin yoxluğu idi. Biz Mərmərə layihəsini yekunlaşdıraraq birinci çatışmazlığı aradan qaldırdıq. Bakı-Tbilisi-Qars dəmir yolunu da gələn il tamamlayaraq bu işi sona çatdıracağıq. Beləliklə, Londondan Pekinədək nəqliyyat dəhlizini açmış olacağıq. Bu, sadəcə Türkiyə, Gürcüstan və Azərbaycanı deyil, bütün bölgəni, Avropanı maraqlandıran layihədir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tarixi İpək Yolunun inkişafında açdığı yeni imkanlara həsr olunmuş bugünkü konfransda çoxsaylı dövlətlərin nümayəndələrinin iştirakı da bu layihəyə böyük marağın göstəricisidir”.
BTQ dəmir yolu xəttinin Mərmərə layihəsi ilə birləşəcəyini diqqətə çatdıran türkiyəli nazir deyib ki, bununla da Bakıdan yola çıxan hər bir kəs rahatlıqla, sürətli dəmir yolu ilə İstanbula və Avropaya gedə biləcək.
Naxçıvan-Qars dəmir yolu barədə də məlumat verən L.Əlvan bu layihə üzərində qardaş ölkələrimizin birgə çalışdıqlarını bildirib.