İQTİSADİYYAT


Babək prospektində yenidənqurma işlərinin bu ilin oktyabrında yekunlaşdırılması nəzərdə tutulur VİDEO

Bakı, 17 sentyabr, AZƏRTAC 

Paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik, uzunluğu 9 kilometr olan Babək prospektinin yenidən qurulması işləri davam etdirilir.

Bu barədə AZƏRTAC-a Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib.

Məlumata əsasən, aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılır.

Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Bu işlər aidiyyəti qurum tərəfindən bir neçə gün bundan öncə yekunlaşdırılıb.

Bundan başqa, aparılan yenidənqurma zamanı səth suların yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunur, zəruri olan yerlərdə yeni sistem qurulur. Bu işlərə uyğun olaraq prospektdə 99 nöqtədə kanalizasiya xətlərinin baxış qapaqları da yenilənir.

Layihəyə uyğun olaraq, prospekt boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün köhnə piyada səkiləri bərpa olunur və 15200 kvadratmetr sahədə yeniləri tikilir, mövcud yol ayrıcı da sökülərək yenidən qurulur. Yol ayrıcının eninin kiçildilməsi prospektin hərəkət hissəsinin genişləndirilməsinə imkan yaradır. Belə ki, prospektin bir istiqamət üzrə hərəkət hissəsi 16 metrə qədər genişləndirilir. Yeni tikilən yol ayrıcının və piyada səkilərinin kənarlarına 26350 poqonmetr uzunluğunda yeni səki daşları düzülür.

Yolun hərəkət hissəsi bərpa olan ərazilərə yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir. Ümumilikdə prospektin 323609 kvadratmetr sahəsinə 3 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Həmçinin prospektin yenidən qurulması zamanı avtobusların ümumi hərəkətinə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədilə 22 yerdə xüsusi “cib”li hissələr tikilir, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə geriyə dönməsi üçün əlavə zolaqlar və geridönmə hissələr yaradılır, eləcə də yolun işıqlandırılması üçün yol ayrıcında ikitərəfli yeni işıqlandırma sistemi qurulur.

Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Babək prospektində müasir yol infrastrukturunun yaradılması paytaxt Bakının nəqliyyat yükünün azaldılmasında əhəmiyyətli rol oynayacaq.

Ümumilikdə, yenidənqurma işlərinin oktyabr ayında yekunlaşdırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.