İDMAN
“Bakcell” Formula 1 Azərbaycan Qran-Prisinin ilk rəsmi dəstəkçisi olub
Bakı, 18 aprel, AZƏRTAC
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) ilə “Bakcell” şirkəti arasında Formula 1 Azərbaycan Qran-Prisinə dəstəyin göstərilməsinə dair üçillik sponsorluq müqaviləsi imzalanıb.
AZƏRTAC xəbər verir ki, əldə olunmuş ikitərəfli razılığa əsasən, Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti Bakıda baş tutacaq növbəti 3 yarışa dəstək göstərilməsi müqabilində həmin yarışlar ərəfəsində Formula 1-in yerli şirkətlər üçün təqdim etdiyi bir sıra fürsətlərdən yararlanmaq imkanına sahib olacaq. Belə ki, müqavilə çərçivəsində Bulvar tribunasına “Bakcell” şirkətinin adı veriləcək və bu tribuna şirkətin korporativ vizual elementləri ilə rənglənəcək.
Bundan başqa, bulvar ərazisində yerləşən Formula 1-in azarkeşlər zonasında “Bakcell” üçün xüsusi yer ayrılacaq. Həmçinin şirkət yarış həftəsonu ərzində trek ətrafında öz məhsullarını Azərbaycan Qran-Prisinin tamaşaçılarına təqdim edə və böyük ekranlarda öz videoçarxlarını nümayiş etdirə biləcək.
BŞH-nin marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai yarışa hazırlığın plana uyğun olaraq davam etdiyini deyib və tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
Azərbaycan Qran-Prisinə yerli şirkətlərin maraq və dəstək göstərməsindən böyük məmnunluq duyduğunu bildirən BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim yeni qurulan əməkdaşlığın gələcəkdə daha da böyüyəcəyinə əminliyini bildirib: “Bildiyiniz kimi bu ilin əvvəlində biz Formula 1 rəhbərliyi ilə Azərbaycan Qran-Prisinin 2023-cü ilədək yarış təqvimində qalmasını təmin edən yeni müqavilə imzaladıq. Həmin müqavilə əsasında bəzi kommersiya haqları bizə verilmişdi və biz də bugünkü tədbir sayəsində həmin haqların ilk bəhrəsini görürük. “Bakcell” kimi böyük nüfuza sahib yerli şirkətin Azərbaycan Qran-Prisinə xüsusi dəstək göstərməyi bizi həqiqətən çox sevindirdi. İnanıram ki, bu gün imzaladığımız müqavilə qısa müddət ərzində hər iki tərəfə böyük faydalar verməklə əməkdaşlığın uzun illər boyunca güclənərək böyüməsini təmin edəcək”.
Tədbirdə “Bakcell” şirkəti adından çıxış edən şirkətin baş marketinq direktoru Todor Dimitrovski yeni əməkdaşlığın şirkət üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib: “Bu əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki “Bakcell” Azərbaycanın ən sürətli mobil şəbəkəsidir, Bakı Şəhər Halqası isə Formula 1 təqviminin ən sürətli şəhər trekidir. Azərbaycan Qran-Prisi ölkədə idman və iqtisadiyyatın inkişafı və xüsusilə Azərbaycanın dünyada tanıdılması baxımından böyük rol oynayır. “Bakcell” də öz növbəsində, milli mobil operator olaraq ölkənin inkişafına töhfə verən layihələrə daim dəstəyini göstərir və Azərbaycan üçün mühüm olan tədbirləri dəstəkləyir. Əminəm ki, bu əməkdaşlıq çox uğurlu olacaq və bütün tərəflərə fayda verməklə yanaşı, həm də Formula 1 həvəskarlarına əlavə imkanlar və xoş sürprizlər gətirəcək”.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi aprelin 26-28-də Bakı şəhər halqasında keçiriləcək.