ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbinin 14 tələbəsi BP şirkətində təcrübə keçir
Bakı, 1 avqust, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) neft-qaz mühəndisliyi, kimya mühəndisliyi və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə IV kursda təhsil alan 14 tələbəsi BP şirkətində ödənişli əsaslarla on həftə ərzində yay istehsalat təcrübəsi keçir.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, istehsalat təcrübəsi zamanı tələbələr komanda işi ilə tanış olaraq ən son avadanlıq və texnologiyalardan istifadə etməklə şirkətin təcrübəli mütəxəssisləri ilə birlikdə müxtəlif layihələr və əməliyyatlar həyata keçirirlər.
Tələbələr əldə etdikləri nəzəri bilikləri BP şirkətinin istehsalat emalatxanalarında dərinləşdirirlər. BP-nin mütəxəssisləri tərəfindən onlara istehsalatda tətbiq olunan yeniliklər, cihazlar və avtomatik idarəetmə sistemləri haqqında biliklər verilir. Tələbələr, həmçinin quyuların qazılması və tamamlanması, qazma məhlulları texnologiyası, avadanlığın quraşdırması ilə bağlı xüsusi layihələrdə işləyəcəklər. Təcrübə zamanı tələbələr yataqların işlənmə texnologiyası və neft-qaz hasilatı texnologiyası ilə tanış olaraq neft-qaz yataqlarının kəşfiyyatına və işlənilməsinə cəlb ediləcəklər.
BP şirkətində istehsalat təcrübəsi keçən tələbələr tədrisdə əldə etdikləri bilikləri təcrübədə tətbiq etməklə texniki və fərdi bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar.
İstehsalat təcrübəsinin sonunda tələbələr təcrübə haqqında təqdimatlar hazırlayacaq və təqdimatlar qrup rəhbərləri tərəfindən qiymətləndiriləcək.