ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbinin 29 məzunu Türkiyədə işləyəcək
Bakı, 4 iyul, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) “SOCAR-Türkiyə” şirkətinin “STAR Refinery” müəssisəsində işləyəcək məzunlar və istehsalat təcrübəsi keçəcək tələbələr ilə görüş keçirilib. Belə ki, BANM-in 2016/2017-ci tədris ili üzrə təhsil alan 29 məzunu və 20 tələbəsi yaxın zamanda Türkiyəyə yola düşəcək.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali təhsil ocağının rektoru Elmar Qasımov, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov, strateji inkişaf üzrə vitse-prezident Tofiq Qəhrəmanov, emal üzrə vitse-prezident David Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, “SOCAR Turkey Enerji A. Ş.”nin baş direktoru Zaur Qəhrəmanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, “SOCAR-Türkiyə” şirkətinin insan resursları üzrə departament rəhbəri Dinar Məmmədova, “Star Refinery” şirkətinin İnsan resursları üzrə departamentin meneceri Anar Süleymanov, “SOCAR-Türkiyə” şirkətinin kadrların cəlb edilməsi və idarə olunması departamentin nümayəndələri Ozay Unsal, Serda Okumuş, Leyla Axundzadə, Bəhruz Babayev, BANM-in müəllimləri, tələbələr və valideynlər iştirak ediblər.
Tədbirdə E.Qasımov “SOCAR-Türkiyə” şirkəti tərəfindən iş imkanı qazanan məzunları təbrik edib və onlara uğurlar arzulayıb. Qeyd edilib ki, BANM dünyanın bir sıra neft-qaz şirkətləri ilə geniş əlaqələr qurub və bu səmərəli əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. BANM-in tələbələrinin və məzunlarının, həmçinin SOCAR-ın müəssisələrində təcrübəyə cəlb olunduqlarını deyən rektor rəhbərlik etdiyi ali məktəbin “SOCAR-Türkiyə” şirkəti ilə əməkdaşlığını xüsusi vurğulayıb. O deyib: “Bu layihə Azərbaycan və Türkiyə arasında bir dostluq nümayişidir. Mən fəxr edirəm ki, ali məktəbin məzunları regionun ən nüfuzlu şirkətlərin birində çalışacaqlar”.
BANM-in məzunlarını təbrik edən İ.Həbibbəyli diqqətə çatdırıb ki, bu ali məktəbdə hazırlanan ingilisdilli yüksəkixtisaslı mütəxəssislər, gələcək mühəndis kadrlar Azərbaycan sənayesinin parlaq gələcəyinə zəmin yaradır.
X.Məmmədov, T.Qəhrəmanov, D.Məmmədov, B.Aslanbəyli qeyd ediblər ki, BANM-in məzunları “STAR Refinery” şirkətində işləməklə gələcəkdə Azərbaycanın və Türkiyənin ən önəmli mütəxəssisləri olacaqlar.
E.Özoral ali məktəbin fəaliyyətinin beynəlxalq sahədə yüksək səviyyədə olduğunu vurğulayıb, gələcəkdə bu amilin BANM-i dünyanın ən qabaqcıl universitetlərindən birinə çevirəcəyini deyib. İki qardaş ölkə arasında əlaqələrin inkişafından danışan səfir əməkdaşlığımızın bütün istiqamətlərdə, xüsusilə təhsil sahəsində yüksək səviyyədə olduğunu bildirib.
“SOCAR Turkey Enerji A. Ş.”nin fəaliyyətindən, beynəlxalq layihələrdən və mühüm inkişaf mərhələlərindən bəhs edən Z.Qəhrəmanov iştirakçılara proqram, seçim prosesi və təcrübə barədə məlumat verib. Diqqətə çatdırılıb ki, seçim imtahan və müsahibə əsasında keçirilib. “Elə ilk günlərdən biz ali məktəbin məzunlarının və tələbələrinin layihəyə olan böyük marağını müşahidə etdik. Ümumilikdə 220-dən artıq müraciət aldıq, 173 nəfər üçün imtahan, 48 nəfər üçün müsahibə keçirtdik. Bu gərgin rəqabət nəticəsində ən istedadlı və bacarıqlı məzunları və tələbələri seçə bildik”, - deyə Z.Qəhrəmanov bildirib.
Gələcək mühəndislər rektora tələbələr və məzunlar üçün yaratdığı imkanlara və şəraitə görə təşəkkür ediblər. Ali məktəbin məzunlarının valideynləri böyük sevinc hissi keçirdiklərini və övladları ilə qürur duyduqlarını dilə gətiriblər. Azərbaycanda yüksək ixtisaslı mütəxəssis kadrların yetişdirilməsi üçün BANM-də hər cür şəraitin, tələbələr üçün bütün imkanların yaradıldığından söz açan valideynlər bu ali təhsil ocağının rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.