İQTİSADİYYAT
Bakı Beynəlxalq Avtovağzal Kompleksi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqdır
Bakı, 14 mart (AZƏRTAC). Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi martın 16-dan 26-dək gücləndirilmiş iş rejimində çalışacaqdır.
Beynəlxalq Avtovağzal Kompleksindən AZƏRTAC-a bildirmişlər ki, bu, bayram günlərində ölkədə sərnişindaşımada intensivliyin artması ilə bağlıdır.
Adi günlərdə 6-7 min sərnişin daşınırdısa, bayram günlərində bu rəqəmin 15 minə çatacağı gözlənilir. Buna görə də əhalinin tələbatını ödəmək üçün marşrutlara buraxılacaq avtobusların sayı artırılacaqdır. Adətən gün ərzində xəttə 300-340 avtobus buraxılırsa, bayram günlərində onların sayı 650-700-ə çatdırılacaqdır.
Bununla əlaqədar artıq ayrı-ayrı hüquqi və fiziki şəxslərlə danışıqlar aparılmış, avtobuslar sazlanaraq hazır vəziyyətə gətirilmiş, qiymət intizamına nəzarət komissiyası yaradılmışdır.