MƏDƏNİYYƏT
“Bakı Beynəlxalq Caz Festivalı-2012” başlayır
Bakı, 11 oktyabr (AZƏRTAC). Oktyabrın 16-dan 25-dək Bakıda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi Beynəlxalq caz festivalı keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, festivalın davam edəcəyi 10 gün ərzində Heydər Əliyev Sarayında, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Bakı Caz Mərkəzində, Beynəlxalq Muğam Mərkəzində dünyanın tanınmış caz ustaları və qrupları, Azərbaycan musiqiçiləri çıxış edəcəklər.
Festivalda Mayk Stern (ABŞ), Qonzalo Rubalkaba (Kuba-ABŞ), Qlen Miller Caz Orkestri, Karmen Souza (Portuqaliya), Aleksandr Maşın (Rusiya), H30 qrupu (İsveçrə), Luçiano Biondini (İtaliya), Grzegorz Karnas (Polşa), "Breeze of caucasus" triosu (Gürcüstan), "Kool and the Ganq" qrupu (ABŞ), Esra Dalfidan (Hollandiya), Vyaçeslav Qryaznov (Rusiya), Salman Qəmbərov, Rain Sultanov, İsfar Sarabski, Emil Əfrasiyab, Natiq Şirinov, Tünzalə Ağayeva, Tofiq Cabbarov, Əfqan Rəsul, Elçin Şirinov, Zaur Mirzəyev, Xalq Artisti Yalçın Adıgözəlovun rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestri və Əməkdar Artist Elnarə Kərimovanın rəhbərlik etdiyi "Buta" kamera xoru və digər caz ifaçıları çıxış edəcəklər.
Festivala "Mədəniyyət" kanalı, 106 FM, day.az saytı və "Jazz dünyası" jurnalı informasiya dəstəyi verirlər.