ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində onlayn elmi seminar: türk xalqlarının kitab və kitabxana mədəniyyəti
Bakı, 14 iyul, AZƏRTAC
İyulun 14-də Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə “Türk xalqlarının kitab və kitabxana mədəniyyəti” mövzusunda onlayn elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarın moderatoru, universitetin Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Məmməd Rəcəbov karantin dövründə keçirilən seminarların, ustad dərslərinin və digər bu kimi tədbirlərin əsas məqsədinin fakültə əməkdaşlarının, gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsindən ibarət olduğunu qeyd edib. O, ölkəmizdə kitabxanaçılıq sahəsində yüksəkixtisaslı ali təhsilli kadrlar hazırlayan BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin əhəmiyyətini xüsusi vurğulayıb.
Sonra BDU-nun Kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kazımi “Türk xalqlarının kitab və kitabxana mədəniyyəti” mövzusunda təqdimatla çıxış edib. O, fakültənin yaradılmasında böyük rolu olmuş Əməkdar elm xadimi, professor Abuzər Xələfovun xidmətlərindən bəhs edib. Çıxışda türk xalqlarının kitabxana quruculuğu, xidməti və mədəni əlaqələri, ortaq kitabxana cəmiyyətlərinin formalaşdırılması, kitab məhsulu, innovativ fəaliyyət metodları, kitabxanaların rəqəmsal cəmiyyətə inteqrasiya istiqamətləri, elektron resurslar və digər məsələlər haqqında ətraflı məlumat verilib.
Diskussiya formasında davam edən elmi seminar iştirakçıların marağına səbəb olub.