CƏMİYYƏT
Bakı Gənclər Mərkəzində “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan könüllülük həftəsi” “VətənimİZ” devizi altında silsilə tədbirlərlə davam edir.
Fonddan AZƏRTAC-a bildiriblər ki, “VətənimİZ” devizi altında keçirilən tədbirlərə respublikanın 17 şəhər və rayonunda ümumilikdə mindən çox gənc cəlb olunub. Tədbirlər çərçivəsində könüllülər və fəal gənclər Ümummilli Liderin abidəsini ziyarət edib, Heydər Əliyev muzeylərinin ekspozisiyası ilə tanış olublar. Ulu Öndərin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə keçirilən tədbirlər tarix və vətənpərvərlik mövzularında sənədli və bədii filmlərin nümayişi ilə davam edib.
Bu çərçivədə, həmçinin Bakı Gənclər Mərkəzində təşkil olunan “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi” mövzusunda konfransda 300 gənc iştirak edib. Konfransda çıxışlardan sonra film nümayiş etdirilib, könüllü təşkilatlarının və hərəkatlarının komandaları arasında tariximiz və milli-mənəvi dəyərlərimizin təbliği mövzusunda intellektual yarış təşkil olunub.
“Azərbaycan könüllülük həftəsi” çərçivəsində dekabrın 9-dək ölkəmizin bütün ərazisində tədbirlər təşkil olunacaq. Növbəti günlərdə “VətənimİZ” devizi altında tariximiz və milli-mənəvi dəyərlərimizin təbliği, “Könüllülük sərhəd tanımır!” çərçivəsində xüsusi qayğıya ehtiyacı olan insanlar üçün sosial işlərin görülməsi, “TəbiətimİZ” adı altında ekoloji aksiyaların təşkili nəzərdə tutulur.
Dekabrın 5-də isə Azərbaycan Könüllülərinin Həmrəylik Forumunda və xüsusi konsert-əyləncə proqramında minlərlə gənc iştirak edəcək. Həftənin ən fəal 300 könüllüsü dördgünlük qış düşərgəsində faydalı istirahət və əyləncə, şəxsi inkişaf imkanı əldə edəcəklər.