İQTİSADİYYAT
Bakı-Quba-Rusiya avtomobil yolunun qalan hissələrində tikinti işlərinin ilin ikinci yarısında başa çatdırılması gözlənilir
Bakı, 22 fevral, AZƏRTAC
2020-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi (92 kilometr, 4 hərəkət zolaqlı) və M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 132-197 kilometr hissəsinin tikintisi (60 kilometr, 4 hərəkət zolaqlı) işləri davam etdirilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov keçirdiyi brifinqdə deyib.
O bildirib ki, yeni tikilən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun ilk 30 kilometr hissəsində yol-tikinti işləri başa çatdırılıb və dekabr ayının 27-də Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib: “Hazırda magistralın qalan hissələrində tikinti işləri davam etdirilir və 2021-ci ilin ikinci yarısında başa çatdırılması nəzərdə tutulur. Yeni tikilən magistral avtomobil yolunun ödənişli olacağını nəzərə alaraq, ödəmə məntəqələrində avadanlıqların quraşdırılması, 240 kilometr uzunluğunda optik kabelin çəkilişi işləri görülür. Ödənişlərin “ASAN xidmət”in “ASANPAY” ödəniş servisi vasitəsilə yığılması və birbaşa olaraq xəzinədarlığa toplanılması nəzərdə tutulur”.