İDMAN
Bakı Şəhər Halqasının keçdiyi Niyazi küçəsindəki qəmbər daşlı hissə asfaltlanır VİDEO
Bakı, 15 aprel, Xanım Nağıyeva, AZƏRTAC
Bu il iyunun 23-25-də təşkil olunacaq Formula-1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi Bakı Şəhər Halqasında asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi üçün aprelin 15-də trekin Niyazi küçəsindən keçən qəmbər daşlı hissəsinə asfalt örtüyünün çəkilişi işlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer hazırda qəmbər daşlarının üzərinə qoruyucu təbəqə kimi çınqıl qatının döşəndiyini bildirib. Beynəlxalq Avtomobil Federasiyasının müvafiq standartlarına əsasən, bu hissəyə üçqat asfalt döşənəcəyini vurğulayan T.Butçer qeyd edib: “Burada görülən tikinti işləri əsasən həftə sonu və həftənin ilk günlərində həyata keçiriləcək ki, şəhər sakinlərinin hərəkətinə maneə olmasın. Bu hissədə asfatlanma işlərini yeddi gün ərzində başa çatdırmağı planlaşdırmışdıq. Lakin hava şəraitindən asılı olaraq işlərimizi beş gün ərzində də tamamlaya bilərik. Burada görülən işlər ötən il trekin bütün hissələrində asfalt işlərini həyata keçirən yerli şirkət tərəfindən həyata keçirilir”.
Tom Butçer trekin asfalt qatının yarışa hazır vəziyyətə gətirilməsi ilə əlaqədar aparılacaq işlərin üç mərhələdə həyata keçiriləcəyini bildirib: “İlkin mərhələdə trekin 15-ci və 16-cı döngələri arasında yerləşən qəmbər daşlı hissəsinə qoruyucu qat çəkilərək yol hamarlaşdırılacaq. Aprelin 20-dən 23-dək davam edəcək ikinci mərhələdə qəmbər daşlı hissəyə sonuncu asfalt qatı çəkiləcək. Asfalt çəkilişinin sürətlə aparılması üçün 15-23 aprel tarixləri ərzində trekin İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsi ilə kəsişməsindən Niyazi küçəsinədək olan hissəsi və həmçinin buradan Azneft dairəsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Sonuncu mərhələyə aprelin 23-də start veriləcək. Mayın 1-dək davam edəcək proses çərçivəsində Bakı Şəhər Halqasının bütün asfalt örtüyünə baxış keçiriləcək və ehtiyac olduğu yerlərdə təmir-bərpa işləri aparılaraq trek yarış üçün tam hazır vəziyyətə gətiriləcək”.