ELM VƏ TƏHSİL


Bakı Slavyan Universitetində “Məzun günü” qeyd olunub

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 29-da Bakı Slavyan Universitetində (BSU) “Məzun günü”nə həsr olunmuş tədbir keçirilib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan rektor Anar Nağıyev “Məzun günü”nün BSU ailəsi üçün, xüsusilə də 2022-ci il məzunları üçün əlamətdar bir gün olduğunu deyib. O, BSU-nun zəngin bir tarixə və pedaqoji ənənəyə söykənən universitet olduğunu qeyd edib. Ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazasında BSU-nun yaradılmasını xatırladan rektor BSU-nun slavyanşünaslığın öyrənilməsi və tədqiqi üzrə respublikada ilk və yeganə universitet olduğunu bildirib.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu tərəfindən qazanılan Qələbədən söz açan rektor bugünkü məzunların məhz “Şuşa İli”ndə xüsusi qürur hissi keçirdiklərini deyib.

Rektor məzunların növbəti mərhələlərdə universitetlə əlaqələrini davam etdirmək üçün onların təşkilatlanmasında, əmək bazarında lazım olacaq bilik və bacarıqları əldə etməsində universitetin öz dəstəyini əsirgəmədiyini bildirib, bu günlərdə BSU-nun məzunlarının ictimai birliyinin formalaşdırıldığını diqqətə çatdırıb. Rektor hər bir məzuna gedəcəkləri müəssisələrdə BSU dəyərlərini - elmə sadiqlik, peşəkarlıq, dürüstlük kimi dəyərləri qorumağı arzu edib. O, məzunların həm uğurlu vətəndaş, həm də uğurlu kadr kimi ölkəmizin inkişafı naminə öz töhfələrini verəcəklərinə ümidvar olduğunu qeyd edib.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında BSU-nun tələbələrinin rayonda təşkil edilən bütün ictimai-siyasi, mədəni tədbirlərdə fəal iştirakından danışıb. O, BSU-nun tələbə və məzunlarının dövlətə sədaqətinə görə seçilən gənclər olduğunu vurğulayıb.

Təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov BSU-nun məzunlarının əmək bazarında layiqincə təmsil olunacağını qeyd edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Əməkdar artist, BSU-nun məzunu olmuş Rafiq Həşimov tarixi bilməyin vacibliyini vurğulayaraq, Azərbaycan tarixində baş verən ictimai-siyasi hadisələrdən söz açıb. Son iki ildə baş verən hadisələr nəticəsində, şanlı Qələbəmizdən sonra həm ölkəmizi, həm də gənclərimizi yalnız inkişaf və tərəqqi gözlədiyini deyib. O, məzunlara gələcək fəaliyyətlərində peşəkarlıq və dürüstlüyə önəm vermələrinin vacibliyini vurğulayıb.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva böyük ənənələrə və pedaqoji elmi bazaya malik BSU-nun məzunlarına bilik və bacarıqlarını gələcək əmək fəaliyyətində nümayiş etdirməyi, ideyalarıni həyata keçirməyi arzulayıb.

Milli Məclisin deputatı Arzu Nağıyev məzunlara həyatlarının yeni mərhələsində müvəffəqiyyətlər arzu edib.

Əməkdar artist Nailə İslamzadə BSU məzunu olaraq universitetlə bağlı xatirələrini bölüşüb, məzunlara uğurlar arzulayıb.

Tədbirdə universiteti fərqlənmə diplomu ilə bitirən, təhsilini yüksək göstəricilərlə başa vuran, həmçinin ali təhsil ocağının ictimai həyatında fəallıq nümayiş etdirən məzunlar “Fəxri məzun” diplomu və təşəkkürnamələrlə təltif ediliblər.

Tədbir BSU tələbələrinin və bir sıra incəsənət xadimlərinin çıxışlarından ibarət konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.