ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetində Mirzə Fətəli Axundzadənin əsərlərinin ukrayna dilinə tərcüməsinin müzakirəsi aparılmışdır
Bakı, 23 fevral (AZƏRTAC). Böyük Azərbaycan mütəfəkkiri, yazıçı-dramaturq Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə əlaqədar Bakı Slavyan Universitetində (BSU) bir sıra tədbirlər həyata keçirilir.
BSU-dan AZƏRTAC- bildirmişlər ki, bu tədbirlərdən biri də universitetin tərcümə fakültəsinin ukraynalı tərcüməçi Vasili Beloçerkovskinin M.F.Axundzadənin əsərlərinin ukrayna dilinə tərcüməsinin müzakirəsinə həsr olunmuşdur.
Müzakirələrdə BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Oqtay Səmədov, tərcümə fakültəsinin dekanı, dosent Seyfəl Həsənov, tərcümə nəzəriyyəsi və praktikası, dünya ədəbiyyatı, slavyan filologiyası kafedralarının əməkdaşları, tərcüməçi və ukraynaşünas tələbələr iştirak etmişlər.
Tədbirdə çıxış edənlər bildirmişlər ki, M.F.Axundzadənin bir sıra əsərlərinin ukrayna dilinə tərcüməsi mühüm əhəmiyyət kəsb edir. Universitetə rəy bildirmək üçün təqdim olunmuş tərcümə mətnləri tədris prosesində də geniş istifadə oluna bilər. Eyni zamanda, tərcüməçi tələbələrin ixtisasa yiyələnməsi işində faydalı tədris materialıdır. Tərcümənin keyfiyyətini dəyərləndirən tədbir iştirakçıları bu əsərlərin tərcüməsini, bütövlükdə, qənaətbəxş hesab etsələr də, tərcümə zamanı yol verilmiş bəzi nöqsanlara münasibət bildirmiş və bunların aradan qaldırılması üçün təkliflər irəli sürmüşlər.