ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetində startapla bağlı təlim
Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Bakı Slavyan Universitetində (BSU) bu ali məktəbin və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı, Vergilər Nazirliyinin dəstəyi ilə “Startapa necə başlamalı? İqtisadi, hüquqi və təşkilati əsaslar” mövzusunda təlim keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən prorektor, professor Telman Cəfərov elmi şuranın “Universitet üzrə startap qruplarının işinin təşkili və innovativ fəaliyyətin dəstəklənməsi tədbirləri barədə əmr”inə əsasən universitetdə startap qruplarının yaradıldığını söyləyib. O, layihə çərçivəsində BSU-da artıq bir sıra işlərin görüldüyünü bildirib. Qeyd edib ki, layihəyə fakültələrin, kafedraların, şöbələrin nümayəndələri cəlb olunub. Prorektor tələbələri də fəal olmağa səsləyib, onları layihənin iqtisadi yöndə imkanlarından düzgün yararlanmağa dəvət edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndəsi Aytən Məmmədova qurumun “Enterprise Azerbaijan” startap portalı haqqında danışıb. O, portalın əsas məqsədi, istifadəçilər üçün yaratdığı imkanlar, sahibkarların layihələr üzrə fəaliyyəti barədə məlumat verib.
Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov 2019-cu ildən etibarən vergi sistemindəki yeniliklər, cari ildən vergi güzəştləri barədə iştirakçıları məlumatlandırıb. O, mikrosahibkarlıq, o cümlədən biznesə başlamaq istəyən startapçılar üçün yaradılan imkanlardan söz açıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndəsi Oruc Dursunzadə “British Council”ın “Kreativ qığılcım” layihəsi, onun məqsədi, tərəfdaşları, o cümlədən layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib.
“Azexport.az”ın rəhbəri Zaur Qardaşov portalın əməkdaşlıq etdiyi Beynəlxalq Ticarət Mərkəzinin (İTC) “Amazonla qazan” layihəsindən danışıb. Qeyd edib ki, layihə çərçivəsində seçilmiş startapçılar “Enterprise Azerbaijan” portalının inkubasiya mərkəzindən yararlana bilərlər.
Sonda iştirakçıların sualları cavablandırılıb.