MƏDƏNİYYƏT


Bakı Xoreoqrafiya Akademiyasının 90 illiyinə həsr edilmiş konsert təqdim edilib

Bakı, 12 mart, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) tam orta məktəbinin şagirdləri Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında akademiyanın 90 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, konsert BXA-nın tam orta məktəbinin direktoru Bəşarət Hüseynovanın giriş sözü ilə başlayıb. Direktor Bakı Xoreoqrafiya Akademiyasının 90 illik tarixindən, bu illər ərzində yetişdirdiyi dünyaca məşhur xoreoqraf ustadlarından, ölkəmizdə mədəniyyətin inkişafına göstərilən dövlət qayğısından danışıb: “Yarandığı ilk illərdən əsas məqsədi cəmiyyətin tərəqqisinə çalışmaq və bunun üçün də Qəmər Almaszadə, Leyla Vəkilova, Rəfiqə Axundova, Afaq Məlikova, Pulumb Aqalıyay, Təranə Muradova, Kamilla Hüseynova, Yuri Lobaçov kimi yüksək ixtisaslı kadrları hazırlamaqdan ibarət olub” - deyə B. Hüseynova qeyd edib.

B. Hüseynova Yel çərşənbəsi münasibətilə də akademiyanın kollektivini və konsertdə iştirak edən tamaşaçıları təbrik edib, hər birinə sağlamlıq, firavan həyat arzulayıb.

Daha sonra akademiyanın şagirdləri Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayanın quruluşunda A.Adanın “Jizel” baletindən Qalop, L.Delibin “Silviya” baletindən Pitsikatto, S.Raxmaninovun “Burevestnik” rəqsi, P.İ.Çaykovskinin “Qu gölü” baletindən variasiya parçalarını, Əməkdar artist Səbinə Qasımovanın quruluşunda “İnnabı”, “Güləbatın” rəqslərini, müəllim-konsertmeysterlər, o cümlədən Lalə Zöhrabbəyova, Səidə Axundova, Lalə Hüseynli, Sevda Axundova və Rəhimə Hüseynovanın şagirdləri L. Delibin “Koppeliya” baletindən Vals, R.Qlierin “Mednıy vsadnik” baletindən Polka, Ə.Bədəlbəylinin “Qız qalası” baletindən Gülyanağın rəfiqələri ilə rəqsi, Q.Qarayevin “İldırımlı yollarla” baletindən Laylay əsərlərini fortepianoda, Fazil Cəfərovun şagirdləri isə Azərbaycan ritmləri musiqili-rəqs kompozisiyasını nağarada ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.