İDMAN
“Bakı” həndbol komandası “Çağırış kuboku”nda mübarizəni dayandırıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycanın kişi həndbolçulardan ibarət “Bakı” komandası “Çağırış kuboku” uğrunda yarışlarda cavab qarşılaşmasına çıxıb.
AZƏRTAC Avropa Həndbol Federasiyasının (EHF) rəsmi saytına istinadla xəbər verir ki, Bosniya və Herseqovinanın “RK Borak m:tel” kollektivi ilə qarşılaşan komandamız ikinci oyunda da rəqibinə məğlub olub 33:24. Ümumi nəticədə 69:43 hesabı ilə qalib gələn Balkan yarımadası təmsilçisi üçüncü mərhələdə yerli “HC Voqoska Poljine Hills” kollektivi ilə üz-üzə gələcək. “Bakı” həndbolçuları isə mübarizəni ikinci mərhələdə dayandırıblar.
Qeyd edək ki, razılaşmaya əsasən hər iki matç Bosniya və Herseqovinanın Banja Luka şəhərində yerləşən “Borik” idman arenasında keçirilib.
Hər iki görüşün hakimləri ukraynalı Anatoli Novikov və Valeri Rozkov, EHF nümayəndəsi isə bolqarıstanlı Andrey Andreyev olub.
Xatırladaq ki, ilk oyunda nominal ev sahibi kimi çıxış edən “Bakı” kollektivi görüşdən 36:19 hesabı ilə məğlub ayrılmışdı.