İQTİSADİYYAT
Bakı limanı ilə Antverp limanının müştərək layihəsi uğurla davam edir
Bakı, 18 avqust, AZƏRTAC
Bakı limanı ilə Antverp limanının müştərək layihəsi uğurla davam edir.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, Belçika Krallığında QSC ilə Antverp Beynəlxalq Limanının birgə həyata keçirdiyi “İnsan faktoru: Təhlükəsizlik, Mühafizə və Sağlamlıq” layihəsi uğurla davam etdirilir. Azərbaycanın müxtəlif dövlət qurumları və özəl şirkətlərinin təhlükəsizlik məsələlərindən cavabdeh olan 12 rəhbər şəxsin iştirak etdiyi təlimlər ötən gün Antverp limanında davam etdirilib.
“Böhranlı hallar və təhlükəli yüklərin idarə edilməsi” mövzusu üzrə seminarlar keçirilib və daha sonra iştirakçılar Antverp Yanğınsöndürmə İdarəsində olub, bu mərkəzin işləmə prinsipi, müasir idarəetmə metodları və avadanlıqları ilə tanış olublar.
Qeyd edək ki, 5 günlük təlimlərdə iştirakçılar təhlükəsizlik, mühafizə, sağlamlıq kimi mövzular üzrə Avropada istifadə edilən müasir idarəetmə metodları ilə tanış olacaq və tətbiqi üsullarını öyrənəcəklər.