ELM VƏ TƏHSİL
Bakı məktəbliləri beynəlxalq müsabiqənin qalibi olublar
Bakı, 7 iyul, AZƏRTAC
Bakı məktəbliləri Gürcüstanda keçirilən beynəlxalq müsabiqənin qalibi olublar.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 144 nömrəli tam orta məktəbin V sinif şagirdi Fikrət Əliyev Batumidə təşkil olunan “Wonderland - Gürcüstandan məhəbbətlə” III Beynəlxalq Uşaq Mahnı və Rəqs Müsabiqəsində birinci dərəcəli laureat adına layiq görülüb.
F.Əliyev 5-10 yaş arasındakı vokalçıların qrupunda pop-vokal nominasiyasında birinci yeri tutub.
Müsabiqədə iştirak edən 132-134 nömrəli Təhsil Kompleksinin IV sinif şagirdi Selin Hüseynova isə eyni yaş qrupunda estrada vokalı nominasiyasında üçüncü yeri tutub.
Qaliblər medal və sertifikatlara layiq görülüblər.
F.Əliyev və S.Hüseynova Müslüm Maqomayev adına 26 nömrəli uşaq musiqi məktəbinin yetirmələridir.
“Wonderland - Gürcüstandan məhəbbətlə” III Beynəlxalq Uşaq Mahnı və Rəqs Müsabiqəsində Azərbaycanla yanaşı, Qazaxıstan, Ukrayna, Rusiya, Latviya, Belarus və digər ölkələrin nümayəndələri də iştirak ediblər.