REGİONLAR
Bakı məktəblilərinin bir qrupunun Şamaxı Safari Parkına ekskursiyası təşkil olunub VİDEO
Şamaxı, 20 oktyabr, Adil Ağayev, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Bakı şəhəri ümumtəhsil məktəbləri şagirdlərinin Şamaxı Safari Parkına ekskursiyalarının təşkilinə başlanılıb və beynəlxalq fənn olimpiadaları qaliblərindən ibarət 30 nəfərlik ilk qrup oktyabrın 20-də parka gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ekskursiya Təhsil Nazirliyinin və Dövlət Neft Şirkətinin (SOCAR) birgə təşkilatçılığı ilə təşkil olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu il avqustun 26-da Şamaxıya səfəri zamanı Safari Parkına gəlib, burada yaradılan şəraitlə tanış olublar. Park 2017-ci il oktyabrın 2-də yaradılıb. “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndəki tapşırıqlara uyğun olaraq, vəhşi heyvanlar üçün ekoloji qoruğun yaradılması məqsədilə Şamaxı rayonunda Pirqulu adlanan dağ-meşə massivində 620 hektar ərazinin hüdudları içərisində 480 hektarlıq sahə beynəlxalq standartlara uyğun formada çəpərlənib. İstifadəyə verildiyi vaxt parkda 790 baş heyvan - nəcib maral, lan və muflon kimi genetik qiymətli heyvanlar var idi. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı hazırda 1000-i ötüb.
Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstandan genetik qiymətli heyvanlar gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılıb.
Qeyd edək ki, bundan sonra ekskursiyalar ekoloji turizm sahəsində təcrübəsi olan Təhsil Nazirliyinin tabeliyindəki respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən həyata keçiriləcək. Mərkəz IDEA İctimai Birliyi, Respublika İnkişaf Mərkəzi, Ümumdünya Vəhşi Təbiət Fondu ilə birgə bir çox ekolojiyönümlü layihələr reallaşdırır. Bu layihələrdən “Ceyranları qoruyaq”, “Bəbirləri mühafizə edək”, “Zubrları təbiətimizə qaytaraq” adlı layihələr ekoloji sahədə uşaq və gənclərin maarifləndirilməsi, onlarda doğma təbiətə sevgi və qayğı hisslərinin aşılanması, vəhşi təbiətdə olan müxtəlif növ heyvan cinslərinin tanıdılması, nəsli kəsilməkdə olan heyvan cinslərinin qorunması, onlara qayğının təbliği, müvafiq sahələrdə praktik biliklərin əldə edilməsi məqsədilə davamlı olaraq keçirilir.
Ekskursiyada Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov və media nümayəndələri də iştirak edib.