İQTİSADİYYAT
Bakı metrosunda qış mövsümünə uyğun olaraq qatarların hərəkət intervalı azalacaq VİDEO
Bakı, 22 avqust, AZƏRTAC
"Bakı Metropoliteni”də qatarların stansiyaya çatma müddəti (intervalı) sentyabrdan etibarən tezləşdiriləcək.
"Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Nəsimi Paşayev AZƏRTAC-a bildirib ki, buna səbəb qış qrafikinə keçiddir.
Onun sözlərinə görə hazırda qatarlar insan sıxlığının az olmasına görə yay qrafiki ilə işləyir. Lakin qışa doğru insanların istirahətdən qayıtması və dərslərin başlaması ilə əlaqədar sıxlığın yaranmaması üçün qatarların intervalı 2 dəqiqə olacaq. Hazırda interval metronun "28 May" - "Həzi Aslanov" stansiyaları arasında 2,5 - 3 dəqiqədir. "28 May" - "Dərnəgül" və "28 May" - "İçərişəhər" stansiyaları arasında isə 5-6 dəqiqədir.
Sentyabrdan etibarən isə sərnişin sıxlığı nəzərə alınmaqla interval yenə də müvafiq olaraq 2-2,5 dəqiqə və 3-4 dəqiqə olacaq.
N.Paşayev onu da qeyd edib ki, yay qrafiki zamanı xətlərə cəmi 20-24 qatar buraxılır, qış qrafikinə uyğun olaraq isə xəttə buraxılan qatarların sayı yenidən 30-a çatdırılacaq. Yay vaxtında qatarlardan istifadə edən sərnişinlərin sayı 400-450 min nəfər olursa qış mövsümündə bu rəqəm 700-750 min nəfərə çatır.