ELM VƏ TƏHSİL
Bakı şəhər birinciliyinin məktəbdaxili mərhələsi davam edir
Bakı, 14 noyabr, AZƏRTAC
“Olimpiya hərəkati” layihəsi çərçivəsində məktəblilərin Bakı şəhər birinciliyinin məktəbdaxili mərhələsi davam edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, məktəbdaxili yarışlara badminton idman növü üzrə 252, həndbol üzrə 233, veloidman üzrə 247 məktəb qoşulub. Bakı şəhəri üzrə 291 ümumi təhsil müəssisəsindən 13 mindən artıq şagirdin qatıldığı məktəbdaxili mərhələyə noyabr ayının 16-da yekun vurulacaq.
Birinciliyin rayondaxili mərhələsi noyabrın 21-də start götürəcək. Nəticələrə uyğun olaraq hər idman növü üzrə I yeri tutan məktəb komandası final mərhələsinə vəsiqə qazanmış olacaq.
Qeyd edək ki, birincilikdə Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin məktəbliləri badminton (IX-X siniflər), veloidman (qızlar, VII-VIII siniflər) və həndbol (VIII-X siniflər) idman növləri üzrə iştirak edəcəklər.
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışların məqsədi məktəblilər arasında Olimpiya hərəkatını təşviq etmək, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı artırmaq, fiziki tərbiyə müəllimləri ilə idman federasiyaları, idman məktəbləri arasında əməkdaşlığı gücləndirmək, olimpiya idman komplekslərindən, idman bazalarından səmərəli istifadəni təşkil etmək və hədəf idman növləri üzrə kütləviliyi artırmaqdan ibarətdir.
İdman növləri üzrə yarışların ikinci mərhələsinin qalibləri təşkilatçılar tərəfindən diplom və sertifikatla, final mərhələsinin qalib komandaları və məşqçiləri kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Yarışlara mütəmadi azarkeşlik edən məktəbə “Ən yaradıcı və coşqulu azarkeş” nominasiyası üzrə xüsusi mükafat təqdim olunacaq.