ELM VƏ TƏHSİL
Bakı şəhərində birinci sinfə şagird qəbuluna başlanılıb
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 22-də 2018-2019-cu tədris ili üçün elektron sistem vasitəsilə Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümumtəhsil müəssisələrinin birinci sinfinə şagird qəbuluna başlanılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanının tələblərinin icrasını təmin etmək məqsədilə 2018-2019-cu dərs ilində Bakı şəhərindəki ümumtəhsil məktəblərində birinci sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir.
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı şəhəri üzrə ümumtəhsil müəssisələrinə birinci sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Sentyabrın 15-dək davam edən qeydiyyat prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhəri üzrə 52 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzinə müraciət edə bilərlər. Həmçinin Bakı şəhəri üzrə altı ümumtəhsil müəssisəsində Apellyasiya Komissiyası təşkil olunub.
Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, onların birinci sinifdə də eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimə həvalə olunması nəzərdə tutulur. Bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.
2018-2019-cu tədris ilində elektron sistem vasitəsilə uşaqların birinci sinfə qəbulu barədə videotəlimat (https://www.youtube.com/watch?time_continue=4&v=Q-PmAVVY2Zc) hazırlanaraq Təhsil Nazirliyi və BŞTİ-nin internet resurslarında yerləşdirilib.
Vətəndaşları maraqlandıran məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin rəsmi “Facebook” səhifəsində fevralın 22-dən martın 2-dək birinci sinfə qəbulla bağlı suallara cavab verilir.
Qeyd edək ki, 2018-2019-cu tədris ili üçün Sumqayıt və Gəncə şəhərlərində, Abşeron rayonunda da uşaqların birinci sinfə qəbulu elektron qaydada aparılacaq. Bu rayon və şəhərlərdə ərizələrin online qeydiyyatı prosesinə martın 12-dən başlanılacaq.
Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər. Eyni zamanda, Gəncə şəhəri üzrə bir, Sumqayıt şəhəri üzrə bir və Abşeron rayonu üzrə bir ümumtəhsil müəssisəsində apellyasiya komissiyaları təşkil olunacaq.
Qeyd edək ki, 2015-2016-cı tədris ilindən Bakı şəhərində dövlət ümumtəhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. 2015-2016-cı tədris ilində paytaxtdakı dövlət ümumi təhsil məktəbləri üzrə birinci sinfə 46.578 uşaq qəbul olunub. Onlardan 43.883-ü ümumi təhsil məktəblərini, 2 695 nəfəri isə lisey və gimnaziyaları seçib.
2016-2017-ci tədris ili üzrə paytaxtda birinci sinfə 47.619 uşaq qəbul olunub. Onlardan 44.960-ı ümumi təhsil məktəblərinə, 2.659-u isə lisey və gimnaziyalara sənəd verib.
2017-2018-ci tədris ili üzrə Bakı şəhərinin ümumtəhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların birinci sinfinə elektron sistem vasitəsilə qəbul prosesi çərçivəsində 49.342 uşaq qeydiyyatdan keçib. Onların 46.694-ü ümumtəhsil məktəblərinə, 2.648-i isə lisey və gimnaziyalara qəbul olunub.
2017-2018-ci tədris ili üzrə Bakı şəhərinin ümumtəhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların birinci sinfinə isə 50.000-dən artıq uşağın qəbulu nəzərdə tutulur.