SİYASƏT


Bakıda “Bərabər hüquqların təmini sülh və dayanıqlı inkişafın əsas təməlidir” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 7-də Bakıda Azərbaycan Respublikası ombudsmanının təşkilatçılığı ilə “Bərabər hüquqların təmini sülh və dayanıqlı inkişafın əsas təməlidir” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova beynəlxalq konfransın Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunduğunu söyləyib.

Azərbaycanda insan hüquqlarının qorunması sahəsində görülən işlərdən danışan müvəkkil qeyd edib ki, Ombudsman Aparatı insanların hüquq və azadlıqlarının qorunması istiqamətində BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar ilə əməkdaşlıq şəraitində çalışır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 64 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib və bunlar on minlərlə insana şamil olunub. Dövlətimizin ali məqsədinin insan hüquqlarının müdafiəsi olduğunu deyən ombudsman vurğulayıb ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs ölkədə dayanıqlı inkişafa, insanların həyat səviyyəsinin yüksəlməsinə, hüquq bərabərliyinin təmininə imkan yaradıb. Ölkəmizdə hüquqla bağlı çoxsaylı qanunvericilik aktları qəbul olunub. Bu gün özlərini demokratiyanın beşiyi hesab edən ölkələrdə ksenofobiya, dini, irqi ayrı-seçkilik halları baş versə də, Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri bərabər şəkildə yaşayırlar.

Milli Məclisin sədr müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova qeyd edib ki, bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsini təmin edən çox mükəmməl qanunvericilik bazası var. Azərbaycanın qanunvericilik bazası insanların hüquqlarının bərabər şəkildə təmin edilməsini gerçəkləşdirən mühit formalaşdırır. Bugünkü nailiyyətlər bu uğurların əldə edilməsinə töhfə verən Azərbaycan vətəndaşlarının iştirakı ilə əldə olunub. Xalqın mütləq dəstəyi olmadan hər hansı ideyanı gerçəkləşdirmək qeyri-mümkündür. Bu gün insan hüquqlarının təminindən, ədalətdən danışılır. Müstəqil dövlət olmasa və insan hüquqlarının təmini üçün lazım olan şərait yaradılmasa, bütün bunları etmək olmaz. Azərbaycan ötən illərdə çox böyük uğurlara imza atıb. Bu gün bizim hər birimiz belə bir ölkənin vətəndaşı olduğumuz üçün qürur duyuruq, eyni zamanda, bunun məsuliyyətini daşımalıyıq. Azərbaycanın əsas qanunu olan Konstitusiyada hüquq bərabərliyi və onun dövlət tərəfindən təmin edilməsi öz təsbitini tapıb. Dünyada gündəlik hüquqpozmalar, məişət zorakılığı, mənsubiyyətə görə fərqqoyma kimi mənfi hallarla üzləşdiyimiz bir dövrdə beynəlxalq təşkilatlar koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidirlər. Bunun üçün də geniş maarifləndirmə işləri aparılmalıdır.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai diqqətə çatdırıb ki, Azərbaycan insan hüquqlarının qorunması sahəsində çox fəaldır və Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən irəli gələn öhdəlikləri yerinə yetirir. Azərbaycan insan haqları ilə bağlı tövsiyələrə əməl edir, insan haqlarına hörmətini nümayiş etdirir, bir çox beynəlxalq sazişlərə qoşulub.

Qulam İshaqzai əlavə edib ki, dünyada vətəndaş cəmiyyətinin insan hüquqlarının qorunması ilə bağlı atdıqları addımlar getdikcə daralır. Hər bir şəxsin hüquqlarının qorunması hamımızdan asılıdır. Dayanıqlı inkişaf üçün yoxsulluğun aradan qaldırılması insan hüquqlarının yaxşılaşmasına yönəlmiş addımdır. İnsanlar dünyada baş verən proseslərdən, dəyişikliklərdən, qeyri-müəyyənliklərdən əziyyət çəkirlər. İnsan hüquqlarının qorunması bu mənada çox vacibdir. Azərbaycan bu sahədə də uğurlar qazanıb, çox fəal şəkildə müntəzəm olaraq aidiyyəti qurumlara hesabatlar təqdim edir. BMT Azərbaycana bu istiqamətdə dəstək verir.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin bildirib ki, Azərbaycan 26 il bundan əvvəl BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub. Azərbaycan hökuməti konvensiyadan irəli gələrək uşaqların ibtidai təhsil almaları, ölüm hallarının azaldılması və erkən nikahların qarşısının alınması istiqamətində işlər görüb. Azərbaycan hökuməti və parlamenti birgə fəaliyyətlə həssas ailələrdəki uşaqlara xüsusi diqqət yetirir.

Bundan başqa, E.Karvardin Azərbaycanda qız uşaqlarının təhsilə cəlb edilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib. Əlavə edib ki, qızların təhsil almaları gələcək nəslin savadlı olmasına yol açır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib ki, Azərbaycan hökuməti qadınların və uşaqların müdafiəsi sahəsində gələcəkdə görüləcək işləri və hədəfləri müəyyən edib. Həmin tədbirlərin ən vacibi ailə institutunun gücləndirilməsi, reproduktiv sağlamlıq, qadınların və uşaqların zorakılığına qarşı tədbirlərin görülməsidir. O deyib ki, məişət zorakılığı bu gün aktualdır, amma məişət zorakılığı ilə bağlı vəziyyətə baxış fərqlidir. Bu gün zorakılıq qurbanlarının hüquqlarının müdafiəsi üçün tədbirlər görülür. Ölkədə hər bir işdə davamlılığın təmin edilməsi üçün tədbirlər həyata keçirilir. Ötən müddət ərzində qadınların hüquqlarının müdafiəsi sahəsində iki mühüm qanun – “Gender siyasəti haqqında” və “Məişət zorakılığı haqqında” qanunlar qəbul edilib.

Sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Əmir Əliyev, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni insan hüquqlarının müdafiəsi sahəsində tədrisin rolu və insan hüquqları və vətəndaş cəmiyyəti mövzularında çıxış ediblər.

Tədbirin sonunda Ombudsman Aparatının “Hüquqlar - hamı üçün” və “Mən və hüquqlarım” mövzularında təşkil olunan yazı və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.