ELM VƏ TƏHSİL
Bakıda “Coğrafi imla” aksiyası keçiriləcək
Bakı, 23 oktyabr, AZƏRTAC
2018-ci il noyabrın 11-də yerli vaxtla saat 12:00-da Rusiyanın bütün regionlarında və xarici ölkələrdə “Coğrafi imla” aksiyası keçiriləcək. Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən bu irimiqyaslı maarifləndirmə aksiyası Rusiya Coğrafiya Cəmiyyəti (RCC) tərəfindən artıq dördüncü dəfədir təşkil olunur.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, 2017-ci ildə aksiyada 25 ölkədən 260 mindən çox insan iştirak edib.
“Coğrafi imla” aksiyasında yaşından, təhsilindən, sosial mənsubiyyətindən, dini etiqadından və vətəndaşlıq vəziyyətindən asılı olmayaraq Rusiya və rus dilini bilən xarici ölkə vətəndaşları iştirak edə bilərlər.
Bu il ilk dəfə olaraq “Coğrafi imla” hər birinin mürəkkəblik dərəcəsi fərqli olan 15 sualı ehtiva edən iki hissədən ibarət olacaq. Builki tapşırıqlar əvvəlki illərdə olduğundan fərqlidir - daha asan olacaq suallar müəyyən hazırcavablılıq və məntiqli düşüncə bacarığı tələb edəcək. İntellektual yarışlar imtahan testinə deyil, daha çox, viktorinaya bənzəyəcək.
Bakıda “Coğrafi imla” meydançası Bakı Dövlət Universitetinin bazasında təşkil olunub. Aksiyada iştirak etmək üçün noyabrın 7-dək qeydiyyatdan keçmək lazımdır.
Yalnız siyahıda adları olanlar meydançaya girə biləcəklər. Aksiyada iştirak etmək könüllü və ödənişsizdir.
Aksiya haqqında daha geniş məlumatı http://dictant.rgo.ru saytından əldə etmək olar.
Əlaqə telefonları: 496-45-00, 496-48-00. Elektron poçt ünvanı: [email protected].