CƏMİYYƏT
Bakıda “Fərqli Fərdlər” konqresi keçirilir
Bakı, 5 mart, AZƏRTAC
Bakıda xüsusi qayğıya ehtiyacı olan insanlara həsr olunmuş 4-cü “Fərqli Fərdlər” konqresi keçirilir.
AZƏRTAC xəbər verir ki, konqres bu il də xüsusi qayğıya ehtiyacı olan insanlara hər zaman qayğı və diqqət göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dayanıqlı Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi), Sosial Xidmətlər Agentliyi, Ombudsman Aparatı və Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə keçirilir.
“Fərqli Fərdlər” konqresinin qızıl sponsoru BP şirkətidir. “PMD Group” gümüş sponsor, “Holcim Azərbaycan” şirkəti isə bürünc sponsor kimi çıxış edir. Tədbir, həmçinin “CTS Translation”, “Black & Black Studio” və “Credo Group” şirkətləri tərəfindən dəstəklənir. Hər zaman olduğu kimi bu dəfə də “Ümid var” xeyriyyə cəmiyyətinin rəqs qrupu öz iştirakı ilə tədbirə rəng qatacaq. Konqresin təşkilatçıları “Caspian Event Organisers” (ceo.az) şirkəti və “Edutainment.az” təhsil strukturudur.
Spiker qismində tanınmış yerli və aparıcı beynəlxalq ekspertlər, ABŞ, Azərbaycan, Danimarka, İsrail, Latviya, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan və başqa ölkələrdən olan pedaqoq və metodistlər, həkimlər, psixoloq və psixoterapevtlər, xüsusi qayğıya ehtiyacı olan insanlar iştirak edirlər. “Fərqli Fərdlər” konqresinin prodüseri “Autistic city” autizmli insanlara dəstək mərkəzinin rəhbəri Antonina Steynberqdir.
Konqresin proqramına xüsusi insanların həyatının xüsusiyyətləri, onların inkişaf xüsusiyyətləri - rifah amili kimi ailə dəstəyi, xüsusi ehtiyaclar nəzərə alınmaqla səhiyyə xidmətinin əlçatanlığı və keyfiyyəti, xüsusi qayğıya ehtiyacı olan insanlar üçün təhsil və karyera və xüsusi qayğıya ehtiyacı olan insanlar üçün qabaqcıl texnologiyalar sessiyaları daxildir
Tədbirdə xüsusi qayğıya ehtiyacı olan insanların təhsil, könüllülük və təcrübə, istedadların aşkarlanması proqramları, inklüziv işə qəbul, perspektivlər və digər mövzular müzakirə olunur.
Konqresdə autizm, diqqət çatışmazlığı, hiperativlik və Daun sindromu müzakirə olunacaq və ilk dəfə olaraq “Uşaq Serebral İflici (USİ): miflərin dağılması” mövzusuna toxunulacaq.