İQTİSADİYYAT
Bakıda Olimpiya Stadionuna gediş-gəlişi asanlaşdıracaq tunel inşa olunur
Bakı, 16 aprel (AZƏRTAC). Bakıda Olimpiya Stadionuna gedən avtomobil yolunun tikintisi çərçivəsində Ziya Bünyadov prospektində - “Əyyub Petrol” yanacaqdoldurma məntəqəsinin yanında ikinci tunelin tikintisi davam etdirilir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, məqsəd Olimpiya Stadionuna sürətli, maneəsiz gediş-gəlişi təmin etməkdir.
Hazırda tuneldə qazma üsulu ilə svay vurulması, svay başlığında rigelin, istinad divarları, təməl və gövdələrin betonlanması işləri gedir. Buna paralel olaraq tuneldə qazma işləri də aparılır.
Layihəyə əsasən tunel 3 gediş və 3 gəliş olmaqla, 6 hərəkət zolaqlı olacaqdır. Həsən Əliyev küçəsinin sonu ilə çəkilən yol tunel vasitəsilə Olimpiya Stadionunadək gedib çıxacaq və nəqliyyat vasitələrinin Olimpiya Stadionuna, eyni zamanda, əks tərəfə rahat hərəkətini təmin edəcəkdir.