MƏDƏNİYYƏT
Bakıda Rostropoviçlərin ev-muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib
Bakı, 31 may, AZƏRTAC
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Rusiyanın Xarici İşlər Nazirliyinin diplomatik korpusunun bir qrup əməkdaşının iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə muzeyin direktoru Şeyla Heydərova qonaqlara rəhbəri olduğu qurum haqqında məlumat verib. Görkəmli bəstəkar Mstislav Rostropoviçin cəmiyyətin azad və müstəqil olmasının tərəfdarı olduğunu qeyd edən muzeyin direktoru söyləyib ki, maestro mütəmadi olaraq Bakıda konsert verib, ustad dərsləri keçib.
Sonra tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə muzeyin birgə hazırladığı konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndirilib.
Tədbir maestro Rostropoviçin vaxtı ilə dediyi sözlərlə yekunlaşıb: “Heydər Əliyev məni Azərbaycana qaytardı, Azərbaycanı isə mənim qəlbimə Vətənim kimi qaytardı”.