İDMAN


Bakıda batut gimnastikası üzrə dünya çempionatının təntənəli açılış mərasimi olub

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 18-də Bakıda batut gimnastikası üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçı ölkələrin paradı olub. Sonra idmançı, məşqçi və hakim heyətinin ədalət prinsiplərinə sadiq qalacaqlarına dair andiçmə mərasimi olub. İdmançıları Azərbaycan təmsilçisi Mixail Malkin təmsil edib.

Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bu gün ölkəmizin müxtəlif idman növləri üzrə yarışların uğurlu təşkilatçısı kimi tanındığını deyib. Bildirib ki, bu tədbirlər arasında gimnastika yarışları xüsusi yer tutur. Azərbaycan batut gimnastikası üzrə dünya çempionatına ilk dəfə ev sahibliyi etsə də, bu, gimnastika üzrə Bakıda keçirilən dördüncü dünya birinciliyidir.

Nazir bildirib ki, Azərbaycanda fəaliyyət göstərən müasir idman qurğularındakı şərait, təşkilatçılıq təcrübəsi və xalqımıza məxsus qonaqpərvərlik tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilir.

“Əziz idmançılar, bu yarış meydanı növbəti dörd gün ərzində sizin ixtiyarınızdadır. Buraya toplaşmış hər kəs – məşqçilər, hakimlər, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəsmiləri, Texniki Komitəsinin üzvləri sizin möhtəşəm çıxışlarınızı dəyərləndirməyə hazırdır. Hamınıza yarışlarda uğurlar arzulayıram. Bakıda keçirəcəyiniz hər bir günün maraqlı və xoş xatirələrlə dolu olacağına inanıram”, - deyə nazir qeyd edib.

FIG-nin prezidenti Morinari Vatanabe Bakıda keçirilən batut gimnastikası üzrə 35-ci dünya çempionatında yeni ən yaxşı idmançıların yüksəlişini izləyəcəklərini vurğulayıb. O, dünya çempionatı üçün Bakıya yenidən səfər etməkdən məmnunluğunu bildirib. Bu möhtəşəm məkanda bir çox dünya çempionatlarının təşkil edildiyini, amma batut gimnastikası üzrə mundialın ilk dəfə keçirildiyini vurğulayan M.Vatanabe deyib: “Yarışı ərsəyə gətirmək üçün zəhmət çəkdiklərinə, bu böyük tədbir üçün bizə mükəmməl şərait yaratdıqlarına görə Azərbaycan Gimnastika Federasiyasındakı dostlarımıza təşəkkür etmək istəyirəm. Deyə bilərik ki, 2021-ci il tərəqqi ilidir. Üç ay əvvəl Olimpiya Oyunlarını keçirdik, indi isə dünya çempionatında iştirak edirik.

İki böyük çempionun yanımızda olması bizi çox qürurlandırır. Bunlar Kanadadan Karen Kokbörn və Fransadan Devid Martindir. Onlar bu yarışın batut gimnastikası üzrə səfirləridirlər. Bütün yarış iştirakçılarına uğurlar arzulayıram və batut gimnastikası üzrə 35-ci dünya çempionatını açıq elan edirəm”.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış mərasiminə bədii hissə ilə yekun vurulub.

Noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Ölkəmizdə bu növ üzrə daha əvvəl Avropa çempionatı və çoxsaylı dünya kubokları keçirilsə də, paytaxtımız havada pərvazlanan dünya ulduzlarını ilk dəfə belə bir irimiqyaslı yarışda Milli Gimnastika Arenasına toplayıb.

Yarışların ilk iki günündə təsnifat, sonuncu iki gündə isə finallar keçiriləcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.