ELM VƏ TƏHSİL
Bakıda böyük türkmən şairi Məhtimqulu Fəraqiyə həsr olunan beynəlxalq elmi konfrans təşkil edilib
Bakı, 27 iyun, AZƏRTAC
İyunun 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında böyük türkmən şairi Məhtimqulu Fəraqinin həyat və yaradıcılığına həsr olunan “Məhtimqulu Fəraqi - Azərbaycan-Türkmənistan qardaşlığının rəmzi kimi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbir AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Türkmənistanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konfransda AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Türkmənistan ədəbi əlaqələrindən danışıb və bu əlaqələrin əhəmiyyətini vurğulayıb.
Məhtimqulu Fəraqinin türkmən ədəbiyyatına verdiyi töhfələrdən bəhs edən akademik İ. Həbibbəyli şairin yaradıcılığında vətənpərvərlik, insanpərvərlik mövzularının mühüm yer tutduğunu deyib. Akademik böyük mütəfəkkir M. Fəraqinin zəngin irsinin araşdırılmasının və nəşrinin ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin inkişafında xüsusi əhəmiyyətini xatırladıb.
Ədəbiyyat İnstitutu tərəfindən türkmən şairinin seçilmiş əsərlərindən ibarət “Divan”ının ilk dəfə doğma dilimizdə çap olunduğunu söyləyən AMEA-nın vitse-prezidenti bu nəşrin yüksək səviyyədə inkişaf edən Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinə yeni töhfə olduğunu qeyd edib.
Türkmənistanın Bakıdakı səfiri Məkan İşanquliyev öz ölkəsi ilə Azərbaycan arasındakı əlaqələrdən danışıb, Məhtimqulu Fəraqinin ədəbi irsi ilə bağlı fikirlərini bildirib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva böyük şair Məhtimqulu Fəraqinin yaradıcılığının türkmən ədəbiyyatının, ictimai fikrinin inkişafında rolunu diqqətə çatdırıb.
G. Əfəndiyeva böyük şair M. Fəraqinin Azərbaycanla bağlılığı, onun ədəbi irsinin ölkəmizdə nəşri və tədqiqi məsələlərindən bəhs edib. O, şairin yaradıcılığında birliyə çağırış motivlərinin güclü olduğunu deyib.
Qeyd edilib ki, Məhtimqulu yaradıcılığı tamamilə ümumtürk düşüncəsinin poetik daşıyıcısıdır.
Sonra dosent İsmixan Osmanlının “Məhtimqulunun Azərbaycan sevgisi” mövzusunda məruzəsi dinlənilib.
Tədbir çərçivəsində akademik İsa Həbibbəyli və dosent İsmixan Osmanlının “Məhtimqulu Fəraqi və Azərbaycan” kitabının təqdimatı olub və görkəmli şair haqqında film nümayiş etdirilib.