İDMAN
Bakıda dağ velosipedi idman növü üzrə sınaq yarışının qalibləri müəyyənləşib VİDEO
Oktyabrın 18-də Bakıda birinci Avropa Oyunlarının proqramına daxil olan dağ velosipedi idman növü üzrə sınaq yarışının qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə Dağ Velosipedi Parkında keçirilən yarış çətinlik dərəcəsinə görə Beynəlxalq Velosipedçilər İttifaqının 3-cü kateqoriyasına aiddir.
Azərbaycan, Gürcüstan, Yunanıstan, Livan, Rusiya, İsveçrə, Türkiyə və Ukrayna velosipedçilərinin yarışdıqları turnirdə əvvəlcə qadınlar mübarizə aparıblar. Uzunluğu 4,1 kilometr olan zolaq boyunca 6 dövrə vuran qadınların yarışında marşrutu 1 saat 24 dəqiqə 46 saniyəyə qət edən Ukrayna idmançısı Yana Belomoina birinci olub.
İsveçrə millisinin üzvləri Katrin Stirnemann və Linda İndergand müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.
Azərbaycan yığma komandası yarışda 3 kişi velosipedçi - Aqşin İsmayılov, Murad Sultanov və Orxan Məmmədov ilə təmsil olunub.
Kişi velosipedçilərin mübarizəsində isveçrəli Martin Fanger marşrutu 1 saat 37 dəqiqə 52 saniyəyə qət edərək yarışın qalibi adını qazanıb.
Digər isveçrəli idmançı Mark Stutzmann ikinci, yunanıstanlı Dimitrios Antoniadis isə üçüncü olublar.
Qeyd edək ki, kişi velosipedçilər uzunluğu 4,1 kilometr olan zolaq boyunca 7 dövrə vurublar.
Qaliblərə kuboku Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov təqdim edib.