İQTİSADİYYAT
Bakıda keçirilən “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “Hackathon” müsabiqəsi başlayıb YENİLƏNİB
Bakı, 11 mart, Pərvanə Rəhimova, AZƏRTAC
Ölkəmizdə ilk dəfə keçirilən “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində martın 11-də Yüksək Texnologiyalar Parkında “Hackathon” müsabiqəsi başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə nazirlik tərəfindən mütəmadi olaraq təşkil olunan “Hackathon” yarışlarının məqsədinin potensiallı gənclərin bir mühitdə toplanması, informasiya texnologiyaları üzrə bilik və bacarıqların inkişaf etdirilməsi, müvafiq tapşırıqların komanda şəklində həyata keçirilməsi, maraqlı və innovativ layihələrin meydana gəlməsinə şərait yaratmaq olduğunu deyib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov bildirib ki, müsabiqənin keçirilməsində məqsəd informasiya sistemlərinə edilən müdaxilələri aşkar edən unikal monitorinq sisteminə dair həllərin (IDS üçün skript, modul və ya proqram həlli) təqdim edilməsidir.
Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional bölməsinin rəhbəri Kirill Oparin qeyd edib ki, bu gün Beynəlxalq Telekommunikasiya İttifaqı “Hackathon” müsabiqələrinin keçirilməsinə böyük önəm verir: “Azərbaycanın bu sahədə artıq müəyyən təcrübəsi var. Bu dəfə kibertəhlükəsizlik həllərinə həsr olunan müsabiqə qloballaşan dünya üçün olduqca əhəmiyyətlidir. Texnologiyalar hər birimizin həyatına nüfuz edib, bu, kifayət qədər müsbət tendensiya olsa da, hər birimizi kibertəhdidlərə qarşı ayıq-sayıq olmağa sövq edir. Bu baxımdan, Azərbaycanda belə bir beynəlxalq həftənin keçirilməsini təqdirəlayiq hesab edirik”.
24 saat ərzində davam edəcək müsabiqədə 20-dən çox mütəxəssis, 6 komanda iştirak edir.
Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan dördüncü kurs tələbəsi Əmiraslan Baxışlı “Hackathon” müsabiqəsinə ilk dəfə qatıldığını qeyd edib: “Əvvəllər alqoritmik proqramlaşdırma yarışlarında, veb-development proqramlaşdırma yarışlarında iştirak etmişəm. Ölkəmizdə son zamanlar kibertəhlükəsizlik sahəsinə artan maraq tələbatla bağlıdır. Ümid edirəm ki, bu “Hackathon” müsabiqəsi bizim kimi tələbələrin inkişafında çox önəmli rol oynayacaq. Biz bundan maksimum faydalanmağa çalışacağıq”.
İştirakçılar kibertəhlükəsizlik sahəsində baza biliklərinə, ən azı bir proqramlaşdırma dilində (“Python”, “C#”, “Java” və ya “Bash Scripting” və sair) eləcə də, server əməliyyat sistemləri (“Windows Server” Ailəsi və “Linux” Serverlər) üzrə kafi bilik və təcrübəyə, komandada işləmək və təqdimat bacarığına malik şəxslərdən seçilib.
Münsiflər iştirakçıları “Unikallıq”, “İnnovativlik”, “Səmərəlilik” və “Təqdimat” kriteriyaları əsasında qiymətləndirəcək. Müsabiqənin nəticələrinə əsasən, martın 12-də birinci yer üzrə 4000 manat, ikinci yer üzrə 2000 manat, üçüncü yer üzrə isə 1000 manat pul mükafatı təqdim ediləcək.
Martın 11-dən 15-dək ölkəmizdə ilk dəfə keçirilən “Kibertəhlükəsizlik həftəsi” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti, Məlumat Hesablama Mərkəzi, “Azərpoçt” MMC və Yüksək Texnologiyalar Parkı tərəfindən təşkil olunur.