CƏMİYYƏT


Bakıda rusiyalı jurnalist Yevgeni Mixaylovun “SSRİ xüsusi təyinatlısı necə türk dünyasının qəhrəmanı oldu” kitabının təqdimatı olub

Bakı, 12 iyun, AZƏRTAC

Beynəlxalq Mətbuat Mərkəzində tanınmış rusiyalı jurnalist, Rusiya Jurnalistlər İttifaqı mükafatının laureatı, millətlərarası münaqişələr və antiterror fəaliyyəti üzrə ekspert Yevgeni Mixaylovun “SSRİ xüsusi təyinatlısı necə türk dünyasının qəhrəmanı oldu” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə hərbi ekspertlər, Rusiya, Özbəkistan, Qazaxıstan və Türkiyədən tədqiqatçılar, Milli Məclisin deputatları, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Kitab kəşfiyyat-diversiya qrupunun komandiri İbad Hüseynovun döyüş yoluna və Qarabağ müharibəsinin indiyədək geniş açıqlanmayan faktlarına həsr olunub.

Uzun illər antiterror fəaliyyətindən, erməni separatçılığından yazan Yevgeni Mixaylov kitab üzərində işindən danışaraq bildirib ki, tədqiqat əsəri beynəlxalq miqyasda fəaliyyət göstərən cinayətkarı, Türkiyə və Fransa diplomatlarını qətlə yetirmiş Monte Melkonyanı məhv edə bilmiş azərbaycanlı hərbi qulluqçunun qəhrəmanlığına həsr olunub.

Müəllif qeyd edib ki, erməni lobbisinin güclü təzyiqi altında işləməli olub. Azərbaycan tarixinin bu faciəli dövrü Rusiya mətbuatında az işıqlandırılıb və o illər haqqında əsl həqiqətlər indi-indi üzə çıxır.

Müstəqil Azərbaycanın təşəkkül tapdığı dövrdə dünyanın hər yerindən xüsusi hazırlıq keçmiş erməni silahlıları Dağlıq Qarabağa axışıb. Onlardan ən mənfuru başkəsən Monte Melkonyan sayılırdı. Yevgeni Mixaylov öz kitabında erməni terrorçularının liderinin kim tərəfindən məhv edildiyini və bu qəhrəmanlığın nəyin hesabına başa gəldiyini sadə formada rusiyalılara çatdırmağa çalışıb.

Mayın 7-də Moskvada kitabın təqdimatı keçirilib. Ertəsi gün ermənilər kitabın müəllifindən məhkəməyə şikayət ediblər. Y.Mixaylov deyib: “Bu hadisələr barədə susmaq olmaz. Mən bu kitabın təqdimatını Bakıda keçirməyi qərara aldım”.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, professor Solmaz Rüstəmova-Tohidi, İbad Hüseynovun komandiri, polkovnik Məmməd Qədirov, tanınmış jurnalistlər Şuxret Salamov (Özbəkistan) və Arman Süleymenov (Qazaxıstan) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsas səbəblərindən, beynəlxalq terrorizmə, o cümlədən erməni terrorizminə qarşı mübarizədə həmrəylik nümayiş etdirilməsinin əhəmiyyətindən söz açıblar.

İbad Hüseynov bu gün də beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində az iş görmür. Türk və Rusiya xalqlarının yaxınlaşmasına mane olan maneələrin aradan qaldırılmasında onun da payı var. Türkiyə-Rusiya münasibətlərinin korlandığı dövrdə azərbaycanlı İbad Hüseynov Türkiyəyə qardaş olan bir ölkənin nümayəndəsi, Sovet ordusunun keçmiş hərbi qulluqçusu, Rusiyanın dostu, hər iki tərəfdə əlaqələri və dostları olan ictimai xadim kimi öz köməyini təklif edib.

İndiyədək Rusiyada az tanınan Azərbaycanın qəhrəman oğlu İbad Hüseynovdan bizə qardaş olan iki ölkənin - Türkiyə ilə Rusiyanın münasibətləri gərginləşən bir vaxtda onun Rusiya ilə Türkiyənin ictimai və siyasi xadimləri arasında dialoqun qurulması təşəbbüsü ilə çıxış etməsindən və bu təşəbbüsün müsbət nəticələnməsindən sonra danışmağa başlayıblar.

Tədbirin sonunda İbad Hüseynov Yevgeni Mixaylova, təqdimatın təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Yevgeni Mixaylova Türkiyə Silahlı Qüvvələrinin yubiley medalı və xatirə hədiyyəsi – xəncər təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.