CƏMİYYƏT
Bakıda unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə regional seminar keçirilir VİDEO
Bakı, 9 sentyabr, AZƏRTAC
Son illər sanki dünya çox kiçilib. İndi dünyanın bu başından o başına getmək üçün bir neçə saat kifayət edir. Ona görə indi bu kiçik dünyanın problemləri də ümumidir. Hazırda dünyada hər 7 nəfərdən biri aclıqdan əziyyət çəkir və ya aclıq səviyyəsindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 9-da Qida Təhlükəsizliyi Agentliyinin tərəfdaşlığı ilə UNİSEF və Qida Məhsullarının Zənginləşdirilməsi Təşəbbüsü (FFI) tərəfindən təşkil olunan və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən dəstəklənən unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə regional seminarda Milli Məclisin deputatı Musa Quliyev deyib.
O, ölkəmizdə qida məhsullarının tərkibinin zənginləşdirlməsi sahəsində son illər görülən tədbirlər, o cümlədən 2 yaşınadək uşaqların ana südü ilə qidalanmasını yaxşılaşdırmaq, xörək duzunun yodlaşdırılması ilə əlaqədar aparılan işlərdən danışıb.
UNİSEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin seminarın əlverişli vaxta təsadüf etdiyini bildirib. “Regionumuzda hər üç hamilə qadından biri qanazlığından əziyyət çəkir ki, bu da həm ananın, həm də körpənin sağlamlığına birbaşa təsir göstərir. Unun dəmir və digər mikronutriyentlərlə zənginləşdirilməsi qanazlığının rastgəlmə səviyyəsinin azaldılmasında özünü xərc baxımından ən səmərəli üsul kimi doğruldub”, - deyə o qeyd edib.
Təqribi hesablamalara görə, dəmir çatışmazlığı Avropa və Mərkəzi Asiya regionunda beş yaşadək uşaqların 40 faizə qədərinin sağlamlıq və rifahına mənfi təsir göstərir.
UNİSEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin sağlamlıq və qidalanma üzrə mütəxəssisi Əmirhüseyn Yarpərvər bildirib ki, mikronutriyent çatışmazlıqları, o cümlədən qanazlığının aradan qaldırılması istiqamətində səylərin gücləndirilməsi Qafqaz və Mərkəzi Asiyada ictimai səhiyyənin prioritet məsələ olaraq qalır. Onun dediyinə görə, Mərkəzi Asiya istisna olmaqla, heç bir alt-region 2000-ci ildən bəri həmin göstəriciləri aşağı sala bilməyib.
Seminarda çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, əhali arasında geniş yayılmış vitamin və minerallar çatışmazlığının aradan qaldırılmasının səmərəli üsulu qida məhsullarının tərkibinin zənginləşdirilməsidir . Onun dediyinə görə, təmsil etdiyi qurum fəaliyyətə başlayandan sonra müvafiq qurumlarla birgə unun zənginləşdirilməsinə dair qanun layihəsi üzərində işlər aparılıb. Hazırda həmin proses davam edir. Seminarın əsas məqsədlərindən biri də bu sahədə beynəlxalq təcrübəni öyrənmək, mövcud qanunvericilik bazasını təkmilləşdirmək, problemin həlli istiqamətində ictimaiyyəti lazımi səviyyədə məlumatlandırmaqdır.
“Bu regionda Türkmənistan və Özbəkistan unun zənginləşdirilməsi üzrə uzunmüddətli proqramlara malikdir, Qazaxıstan isə unun zənginləşdirilməsi sahəsində geniş təcrübəyə sahibdir”, - deyə FFI-nin direktoru Skott C. Montqomeri bildirib. “Seminar təmsil olunan bütün ölkələrin unun zənginləşdirilməsindən faydalanması üçün onların potensialını gücləndirəcəkdir, çünki bu, insanların daha ağıllı, daha güclü və daha sağlam olması üçün sınaqdan çıxmış strategiyadır”.
Seminar beş gün davam edəcək.