CƏMİYYƏT
Bakıda üzərində odlu silah gəzdirən keçmiş məhkum saxlanılıb VİDEO
Bakı, 28 yanvar, AZƏRTAC
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxsi saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş paytaxt sakini Natiq Hüseynov tutulub. Onun üzərinə baxış zamanı “Makarov” konstruksiyalı atəşə yararlı tapança, həmin silaha məxsus daraq və üç patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu və polisə təhvil verməyərək qanunsuz olaraq üzərində gəzdirdiyini etiraf edib.
Faktla bağlı 22-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa aidiyyəti üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.