İQTİSADİYYAT
Bakının Xutor adlanan ərazisində yol qovşağı kompleksinə daxil olan yol ötürücüsü müvəqqəti açılmışdır VİDEO
Bakı, 7 iyun (AZƏRTAC). İyunun 7-də səhər saatlarından etibarən Bakının Xutor adlanan ərazisində Ziya Bünyadov prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Əbdülvahab Salamzadə küçələri ilə kəsişməsində yerləşən müxtəlif səviyyəli yol qovşağı kompleksinə daxil olan yol ötürücüsü müvəqqəti olaraq sürücülərin istifadəsinə verilmişdir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yol ötürücüsü yan yolun asfaltlanması ilə əlaqədar müvəqqəti açılmışdır.
Uzunluğu 450 metr, eni 10,5 metr olan iki hərəkət zolaqlı yol ötürücüsü Ə.Salamzadə küçəsindən Z. Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi istiqamətinə nəqliyyatın fasiləsiz və maneəsiz hərəkətini təmin edir.
Kompleksə 3 tunel və yol ötürücüsü daxildir. Paytaxtın Xutor dairəsindəki yol qovşağı kompleksində tamamlanma işləri cari ilin iyun-iyul aylarında başa çatdırılacaqdır.