SİYASƏT
Bakının beynəlxalq dialoq üçün məkan kimi seçilməsi Azərbaycanın nüfuzunun əyani təsdiqidir
Bakı, 17 fevral, Əziz Məmmədov, AZƏRTAC
Hazırda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təkliflər və təşəbbüslər irəli sürür. Bundan əlavə, ölkəmiz özünü əməli fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə qiymətli töhfələr verir. ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford ilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun görüşünün təşkil edilməsi üçün məhz Bakının seçilməsi Azərbaycanın dünya arenasında nüfuzuna əyani sübutdur.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş travmatoloqu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, professor Vaqif Verdiyev bu fikirləri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib. V.Verdiyev daha sonra deyib: “Onu da qeyd etmək lazımdır ki, Azərbaycan həm ABŞ, həm də Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq səviyyəsində sıx münasibətlər qurub və onlarla əlaqələri daim inkişaf etdirir. Nəticədə hər iki ölkənin rəhbərləri Prezident İlham Əliyevi siyasi lider kimi qəbul edir və onunla dünya səviyyəli etibarlı tərəfdaş kimi əməkdaşlığı yüksək qiymətləndirirlər”.