İDMAN


Balaca gimnastımız Mina Abbasovanın böyük qələbəsi

Bakı, 9 fevral, AZƏRTAC 

Valideynlərinin işi ilə əlaqədar müvəqqəti olaraq Macarıstanın Budapeşt şəhərində yaşayan, hələ çox kiçik yaşlarından iştirak etdiyi bütün beynəlxalq yarışlarda parlaq çıxışları ilə fərqlənən Mina Abbasova bu dəfə Polşada fərqlənib. Sosnovets şəhərində keçirilən beynəlxalq gimnastika turnirində 400-dən çox həmyaşıdı arasında ən yüksək nəticə göstərərək qaliblər kürsüsündə 2-ci olub.

AZƏRTAC xəbər verir ki, dünyanın 20-dən çox dövlətinin, o cümlədən Almaniya, Çexiya, Belarus, Ukrayna, Polşa, Rusiya, Slovakiya, Sloveniya, Misir və başqa ölkələrin gimnastlarının iştirak etdikləri bu turnirdə Minanın təmsil etdiyi Macarıstanın və Ukraynanın gimnastları daha çox fərqləniblər.

İdmanın bu növündə ilk böyük qələbəsini çox gözləmədən - cəmi 6 aylıq məşqlərdən sonra qazanan balaca gimnast hələ 5 yaşında ikən Macarıstanda keçirilən ənənəvi bədii gimnastika üzrə “Bahar kuboku-2016” beynəlxalq turnirinin qalibi olub.

2017-ci ildə Macarıstanın Pecs şəhərində bədii gimnastika üzrə XIII beynəlxalq Pecs Kuboku turnirində ümumilikdə 15-dən çox ölkənin təmsilçilərinin iştirak etdiyi yarışda isə həmyerlimiz Mina Abbasova fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq turnirin qızıl medalına layiq görülüb. O, Almaniya, Xorvatiya, Çexiya, İtaliyada təşkil edilən yarışların ən yüksək pilləsinə qalxmağa nail olub.

Mina Abbasova iki ildən artıq müddətdir ki, Budapeştdə fəaliyyət göstərən “Rus RG Sport” klubunda gimnastika ilə məşğul olur.

Mina yarışlarda hazırda yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, ən böyük arzusu turnirlərdə Azərbaycan himninin sədaları altında üçrəngli bayrağımızı yüksəklərə qaldırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.