CƏMİYYƏT
Balakən rayonunda 200 nəfərlik toy təşkil edən restoranın sahibi cərimələnib
Bakı, 15 iyul, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində yerləşən “Balakən” şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şadlıq evinə baxış keçirilən zaman obyekt sahibi tərəfindən 107 nəfərin “icazə.e-gov.az” portalında rəsmi qeydiyyatdan keçirilməsinə baxmayaraq, məclisdə 200-dək qonağın iştirak etdiyi müəyyən olunub. Aşkarlanan pozuntularla bağlı həmin şadlıq sarayının sahibi Elbrus Abdullayev inzibati məsuliyyətə cəlb edilib və o, 4 min manat məbləğində cərimələnib.
Pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydalara əməl olunmasının təmin edilməsi məqsədilə bu istiqamətdə tədbirlər davam etdirilir.