REGİONLAR
Balakən ziyalısı: Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq
Balakən, 20 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. Həmin gün keçmiş sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Bu tarix, eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq səhifələrindən biridir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Balakən ziyalısı, Əməkdar müəllim Cavanşir Alqayev söyləyib.
1990-cı ilin əvvəlində Kremlin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqını cəzalandırmaq üçün misli görünməmiş cinayət törətdiyini diqqətə çatdıran rayon ziyalısı deyib: “Həmin illəri, günləri yaxşı xatırlayıram. Öz azadlığını əldə etmək istəyən xalq həmin ağır günlərdə böyük birlik, inam, iradə nümayiş etdirdi. Lakin respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi amansız terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi. Həmin gecə yüzlərlə günahsız insan yaralandı, qətlə yetirildi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”.
Rayon ziyalısı bildirib ki, ötən məşəqqətli illərdə bütün hədələrə, təhdidlərə, ölümlə üz-üzə dayanmasına baxmayaraq, xalqımız müstəqillik, azadlıq, ərazi bütövlüyümüz uğrunda lazım gələndə şəhid ola biləcəyini də bütün dünyaya göstərdi. Ermənistan silahlı birləşmələri tərəfindən ötən il sentyabrın 27-də başlanan növbəti təxribatların qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 ildən artıq idi ki, erməni işğalı altında olan torpaqlarımızı düşməndən azad etdi. 44 gün davam edən Vətən müharibəsi xalqımızın inamlı qələbəsi ilə başa çatdı.
“20 Yanvar faciəsi zamanı və ərazi bütövlüyümüz uğrunda şəhid olan, hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi, şanlı tarix yazan Azərbaycanın igid övladları xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Şəhidlərimizin əziz ruhu daim anılacaq, onların əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq”, - deyə Cavanşir Alqayev qeyd edib.