REGİONLAR
Balakəndə istehsal edilən quru tütünün 60,1 faizi birinci növ kimi qəbul olunub
Balakən, 13 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Ötənilki mövsümdə Balakən rayonunun fermerləri 512,3 ton quru tütün istehsal ediblər. “Azərtütün ASK” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsində qurudulan tütünün 60,1 faizi birinci növ kimi qəbul edilib. 2018-ci təsərrüfat ilində isə müəssisədə istehsal edilən quru tütünün yalnız 40,8 faizi birinci növ olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Turan Dibirov məlumat verib.
Qurum rəsmisi bildirib ki, balakənli fermerlər ötənilki mövsümdə 346 hektar sahədə “Virciniya botaniki”, 19 hektarda “Berley” və 85 hektarda yerli tütün sortları yetişdiriblər. Tütün əkini sahələri əvvəlki illə müqayisədə azalsa da, uyğun torpaqların seçilməsi nəticəsində istehsal edilən tütünün keyfiyyəti və məhsuldarlığı xeyli artıb.
Ötənilki mövsümdə Balakən tütün istehsalı və emalı məntəqəsi 46 fermerlə müqavilə bağlayıb və mövsüm ərzində istehsalçılardan 1769 ton “Virciniya botaniki” növlü yaşıl tütün kütləsi qəbul edib.